Yuxarı

Təbriz Həsənov: "Bakıdakı Avropa çempionatında qrupdan çıxsaq, bu, bizim üçün böyük uğur ola bilər"

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi çempionata hazırlıqdan danışıb

Bakı. 13 aprel. REPORT.AZ/ "İlk dəfədir ki, final mərhələsinə vəsiqə qazanırıq. Dünəndən bir araya gəlmişik". "Report"un məlumatına görə, bunu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov mayın 5-də start götürəcək Avropa çempionatına hazırlıqla bağlı keçirdiyi mətbuat konfransında bildirib. 

49 yaşlı mütəxəssis bu gün U-19 yığması ilə yoldaşlıq görüşü keçirəcəklərini, Avropa çempionatına hazırlığın son mərhələsinə isə aprelin 18-də başlayacaqlarını bildirib: "29-30 apreldə, ola bilsin ki, daha bir yoldaşlıq görüşü keçirdik. Bu barədə əlavə məlumat verə bilmərəm. Yalnız bir həftə tez gələcək komanda ilə oyun keçirəcəyimizi deyə bilərəm". 

T.Həsənov heyətdəki problemlərdən də danışıb: "4 aydır ki, qapıçımız Məhəmməd Hüseynov məşq etmir və 10 gündür hazırlığa başlayıb. Bir həftədir Elçin Əsədov məşqləri dayandırıb, zədəlidir. Nə vaxt meydana qayıdacağını həkimlər deyəcək. Bundan başqa "Beşiktaş"ın futbolçusu da heyətimizdə yoxdur. İki stopperin və qapıçının olmaması problem yaradır. Hücum xətti çox çətin mövqedir. Murad Mahmudov Almaniyada çıxış edir. Çalışırıq ki, heyətdə yaxşı hücumçu olsun. Onun məşqçisi ilə də əlaqə saxlayırıq. Ola bilər ki, heyətdə 3 yeni futbolçu olsun. Planlaşdırırıq ki, aprelin 28-dən toplanışa 25 nəfər dəvət edək. Ola bilər ki, kimsə komandaya uyğun gəlməz. Bəzi futbolçular var ki, onların oyunlarını izlədikdə idman formasından uzaqlaşdıqlarını görürəm. Təbii ki, belə oyunçular 18-liyə düşə bilməz". 

Qrupdakı rəqiblərin heç də zəif olmadığını deyən baş məşqçi yer aldıqları A qrupundan çıxmaq üçün mübarizə aparacaqlarını və psixoloqa ehtiyac duymadığını söyləyib: "Hər rəqibə qarşı başqa sistemdə oynayacağıq. Portuqaliyanın oyun üslubunu bilirik və onlara qarşı tam fərqli oynayacağıq. Qrupdan çıxma şansımıza gəlincə, 6 xalla yüz faiz çıxmaq olur. Turnirin favoriti qismində Almaniya, Fransa, İngiltərə və Portuqaliyanı görürəm. Ən yaxşı psixoloq məşqçinin özüdür. Bu futbolçuları çoxdan tanıyıram. Ehtiyac olarsa, psixoloji gərginliyi aradan qaldırmaq üçün psixoloq da dəvət olunacaq. Dünən də komanda ilə görüşdüm və heç bir həyacan hiss olunmurdu. Çünki onlarda hansı məsuliyyəti daşıdıqlarını bilir".

T.Həsənov bəzi legionerlərin heyətdə yer almaması səbəbini açıqlayıb: "Ötən ilin yazında komandanın təlim-məşq toplanışına qatılmış Şükür Həsənov yığmada oynamağa hazır deyil. Düzdür, həmvətənimizdir, dedim ki, hazırlaşsın. Üstəlik, Almaniyada oynayan daha bir futbolçumuz vardı - Renat Dadaşov. Bizdə çıxış edən Rüfət Dadaşovun kiçik qardaşı idi. O, ailəsi ilə Almaniyada yaşayır və onun oyunu bizi qane edir. Lakin o, Almaniya yığmasını seçdi".

Təcrübəli mütəxəssis Novruz bayramı münasibətilə tədbir zamanı Prezident İlham Əliyevlə görüşündən də danışıb: "Ölkə başçısı ilə hazırlıqlardan danışdıq. Bizə dedi ki, rəqiblər güclü heyətə malikdir. Bu da onu göstərir ki, Prezidentimiz idmanla dərindən maraqlanır. Biz də güclü heyətlə meydana çıxmalıyıq".

Baş məşqçi hər kəsi çempionat ərəfəsində komandaya dəstək olmağa çağırıb: "İnanıram ki, dəstək olacaq. Çünki Avropa çempionatı bir bayramdır. Tək bizim yox, digər yığmaların da oyununda azarkeşlərin olacağını gözləyirəm. Ən uzaq yolumuz elit-raund olub. Qrupdan çıxsaq, bu, bizim üçün böyük uğur ola bilər".

Qeyd edək ki, 17 yaşadək futbolçular arasında Avropa çempionatı 5 - 21 mayda Bakıda keçiriləcək. Azərbaycan millisi Portuqaliya, Belçika və Şotlandiya ilə eyni qrupda yer alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi