Yuxarı
    Bağlamaq

    "Qarabağ" klubunda böyük iclas keçiriləcək

    Tahir Gözəl: UEFA-nın qolumuzu qeydə alacağına inanmıram

    Azərbaycanın "Qarabağ" futbol klubunda məşqçilər heyəti və futbolçuların iştirakı ilə geniş toplantı keçiriləcək. Bu barədə "Report"a klubun vitse-prezidenti Tahir Gözəl məlumat verib.

    Onun sözlərinə görə, gələn həftə keçiriləcək iclasda klubun qış hazırlığı dəyərləndiriləcək: "Komanda bir neçə gündür Antalyadan Bakıya qayıdıb. Hələ ki, onlarla görüşmək imkanım olmayıb. Tezliklə Avropaya səfərim var və önümüzdəki həftə qayıdacağam. Bundan sonra bizim böyük bir "Qarabağ" iclasımız olacaq. Texniki heyət, futbol klubunun menecerləri bütün toplanış barədə hesabatları təqdim edəcəklər. Biz də ona qiymət verəcəyik".

    T.Gözəl bildirib ki, "Qarabağ"ın Türkiyənin Antalya bölgəsindki təlim-məşq toplanışı müddətində cəmi bir oyunu qələbə ilə başa vurmasından narahatlığa əsas yoxdur: "Yoldaşlıq oyunlarında məqsəd fərqli taktikanı və oyunçuları sınamaqdan ibarətdir. Mən bunu dəstəkləyirəm. Burada əsas məsələ qazanmaq yox, yeni dəst-xətt yaratmaq, oyunçuları sınaqdan keçirməkdir. Ona görə də həmin oyunlardakı nəticələri təzyiq üsulu kimi istifadə etmək istəmirəm. Əksinə, mən dəstəkləyirəm və baş məşqçimiz Qurban Qurbanova deyirəm ki, dəyişik variantlar işlətsinlər. Cavan oyunçuları oynatmaq, təcrübə yığmaz lazımdır. Əsas məqsəd budur və toplanış zamanı keçirilən yoxlama oyunlarındakı nəticə vacib deyil". 

    Klub rəsmisinin sözlərinə görə, yeni transferlərin edilməməsi baş məşqçidən belə bir istəyin gəlməməsi ilə əlaqədardır: "Deməli, buna tələbat yoxdur. Komanda xaricdə, biz isə öz işimizlə məşğul idik. Ona görə bütün bu məsələlərlə bağlı iclasdan sonra ətraflı məlumat veriləcək".

    İnnosent Emeqaranın "Qarabağ"dan ayrılmasına gəldikdə, vitse-prezident bildirib ki, bu, Q.Qurbanovun isveçrəli hücumçudan istədiyini ala bilməməsindən qaynaqlanıb: "Bəli, doğurdan da o, yaxşı futbolçu idi. Ancaq Qurban müəllim ondan istədiyi nəticəni ala bilmədi. Bəzən futbolçuda alınmır". 

    Fevralın 5-də UEFA-da "Qarabağ"ın Avropa Liqası matçında İtaliya "İnter"inin qapısından keçirdiyi topun sayılmaması ilə əlaqədar şikayət məktubuna baxılacaq. T.Gözəl Avropaya səfərinin bununla bağlı olmadığını, iclasda isə klubu vəkillərin təmsil edəcəklərini söyləyib: Nəticənin dəyişəcəyinə inanmadığını deyən vitse-prezident Miroslav Zelinkanın başçılıq etdiyi çexiyalı hakimlər briqadasının ciddi cəzalandırılacağını vurğulayıb: "Bu hakimlərin karyeralarında daha bir cəza görəcəklərinə əminəm. Buna şübhəm yoxdur. Onlar öz karyeralarını zədələdilər, çox eyib oldu. Cəzalandırılacaqlar, amma qolun qeydə alınacağını deyə bilmərəm. Açığı buna inanmıram, çətin olacaq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi