Yuxarı

"Qarabağ"ın rəqibi zədələrdən əziyyət çəkir

Gələn mövsümdən geniş heyətə və yüksək keyfiyyətli futbolçulara sahib olacağıq

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Biz bu il ideal heyətə malik deyilik. Hazırda start heyətində olan əsas oyunçularımızı lazımi səviyyədə əvəzləyəcək futbolçularımız yoxdur". 

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Çexiya "Slovan"ının baş məşqçisi İndrjix Trpişovski deyib.

Ölkə çempionatının VII turunda səfərdə "Slaviya"ya 0:1 hesabı ilə məğlub olan komandanın baş məşqçisi heyətdə zədəli futbolçuların olmasından və oyunçu çatışmazlığından şikayətlənib: "Bu gün komandaya sanki zədə virusu yayılıb. Komandanın 7 üzvü zədəlidir. Bu isə xoşagəlməz haldır. Milan Baroş, Yan Sikora kimi futbolçularımızın da zədəsi var. Hansı ki, onları əvəz etmək çox çətindir. Baroş son bir neçə oyuna zədəli halda çıxıb. "Qarabağ"la matçda isə əzələsində problem yaranıb. Ancaq növbəti oyunda "Karvina"ya qarşı çıxış edə biləcək".

İ.Trpişovski komandanın hədəflərindən də söz açıb: "Cari mövsümdə məqsədimiz ölkə çempionatında yaxşı çıxış edərək avrokuboklara yenidən vəsiqə qazanmaqdır. Ancaq bu o demək deyil ki, Avropa Liqasında hazırkı oyunlarımıza ciddi yanaşmayacağıq. Gələn mövsümdən isə geniş heyətə və yüksək keyfiyyətli futbolçulara sahib olacağıq. Hansısa bir turnirdə mübarizəni dayandırmaq istəmirik".

Qeyd edək ki, Avropa Liqasının J qrupunda "Qarabağ" və "Slovan"la yanaşı, Yunanıstanın PAOK və İtaliyanın "Fiorentina" komandaları da yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi