Şimali İrlandiya yığmasının debütantı Azərbaycan millisi ilə oyunu dəyərləndirib

Şimali İrlandiya yığmasının debütantı Azərbaycan millisi ilə oyunu dəyərləndirib "Asan rəqiblə oynamayacağıq və bu komandanı ciddi qəbul etməliyik"
Futbol
7 İyun , 2017 11:01
Şimali İrlandiya yığmasının debütantı Azərbaycan millisi ilə oyunu dəyərləndirib

Bakı. 7 iyun. REPORT.AZ/ "Azərbaycanda şans qazansam, buna şad olaram və oynamağa hazıram".

"Report"un məlumatına görə, bunu Şimali İrlandiya milli komandasının futbolçusu Şey Makkartan Azərbaycan yığması ilə iyunun 10-da Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə "Belfast Telegraph"a danışarkən deyib. 23 yaşlı hücumçu bu görüşü komandası üçün vacib sayıb: "Biz qrupda ikinciyik və orada da qalmaq istəyirik. Bu səbəbdən, Azərbaycanla qarşılaşma bizim üçün vacibdir. Bilirik ki, asan rəqiblə oynamayacağıq və bu komandanı ciddi qəbul etməliyik. Bakıda sərt istilər olacaq. Ona görə də hazırda Türkiyədə təlim-məşq toplanışı keçməyimiz yaxşı haldır. Çünki bu, bizə iqlimə uyğunlaşmaq imkanı verəcək".

İngiltərənin "Akkrinqton Stenli" klubunda çıxış edən Makkartanın yığmada debütü iyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüşünə təsadüf edib. Komandasının 1:0 hesabı ilə qalib gəldiyi oyunda o, 83-cü dəqiqədə meydana daxil olub. Makkartan ev oyunundakı debütünü fantastik adlandırsa da, bununla kifayətlənmək istəmədiyini vurğulayıb: "Daha çox qələbə qazanmaq və irəli getmək istəyirəm".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlanacaq. 5 turdan sonra Şimali İrlandiya 10 xalla 2-ci, Azərbaycan 7 xalla 4-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi