Yuxarı

Sergey Politeviç: "Bakıda gözəl komanda üzərində çətin qələbə qazandıq"

Sergey Politeviç: "Bakıda gözəl komanda üzərində çətin qələbə qazandıq"
Belarus yığmasının baş məşqçisi Sergey Politeviç

Bakı. 24 mart. REPORT.AZ/ "Əlbəttə, çətin oyun oldu. Düzdür, 1:0 hesabı ilə qalib gəldik. Amma deməzdim ki, hesabı qorumaq üçün oynadıq".

"Report"un məlumatına görə, bunu Belarus yığmasının baş məşqçisi Sergey Politeviç Bakıda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib. Belarus Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına açıqlama verən 28 yaşlı müdafiəçi hər iki komandanın bərabər imkanlara malik olduqlarını bildirib: "Yəqin ki, hər iki komandanın qol imkanları bərabər idi. Denis Laptevin inanılmaz imkanı, cəhdləri oldu. Yaxşı və çətin qələbə qazandıq. Səfərdə gözəl komandanı məğlub etdik. Rəqibin bir çox futbolçusu eyni komandada çıxış edir. Qarşılıqlı hərəkət etməyi bacarırlar. Görünürdü ki, oyunçular arasındakı əlaqələr üzərində bir qədər çox işlənilib".

Politeviç Belarus yığmasının uzun müddətdən sonra qələbə qazanmasına da diqqət çəkib: "Biz bu gün bir qədər başqa cür çıxış etdik. Baş məşqçinin yeni tələbi var idi. Biz oynamağa çalışırdıq, amma hər halda yığmaya gəlib tam fərqli baş məşqçinin rəhbərliyi altında iki gün hazırlıq keçmək çətindir. Çünki hərənin öz tələbləri var, burada isə cəmi iki günə komandanı yenidən qurmaq lazımdır. Əlbəttə, ağırdır. Amma qələbəyə görə şadıq. Çoxdandır qalib gələ bilmirdik. Yolumuza davam edirik".

Təcrübəli oyunçunun fikrincə, müdafiədən çıxmağa Azərbaycan yığmasının hücumları da, kollektivdaxili anlaşmanın lazımi səviyyədə olmaması da təsirini göstərib: "Hər iki amil öz rolunu oynadı. Rəqib çox yaxşı pressinq etdi. Bu zaman bizə hücuma çıxmaq çətin idi. Azərbaycanlı futbolçular zonaları bağlayırdılar. Bununla yanaşı, hər kəs özünü sığortalayır, məğlubiyyətdən qaçmağa çalışırdı. Mənfi tendensiya bizi bir qədər bezdirmişdi. Qalib gəlmək, müsbət nəticəyə nail olmaq istəyirdik. Elə də yaxşı oyunla yox, sadəcə, müsbət nəticəyə nail olmaqla irəli getmək və artıq öz oyunumuz barədə düşünmək lazımdır".

Qeyd edək ki, Sergey Politeviç Türkiyənin "Gənclərbirliyi" klubunda Azərbaycan yığmasının hücumçusu Deniz Yılmazın komanda yoldaşıdır. Lakin Yılmaz bir ilə yaxındır milliyə çağırılmır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi