Şəhriyar Məmmədyarov 37,500 dollar qazana bilər

Şəhriyar Məmmədyarov 37,500 dollar qazana bilər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək “Grand Chess Tour” seriyalı turnirin altıncı mərhələsində ilk görüşünü keçirəcək.
Futbol
6 Noyabr , 2019 11:53
Şəhriyar Məmmədyarov 37,500 dollar qazana bilər

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək “Grand Chess Tour” seriyalı turnirin altıncı mərhələsində ilk görüşünü keçirəcək.

“Report” xəbər verir ki, ilk yarış günündə iştirakçılar rapiddə 3 tur oynayacaqlar. 34 yaşlı qrossmeysterin birinci rəqibi vyetnamlı Le Kuanq Lyom olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Yarışda Məmmədyarov və Lyomla yanaşı, daha 8 şahmatçı - Aniş Giri (Hollandiya), Vişvanatan Anand (Hindistan), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Sergey Karyakin, Vladislav Artyomov (hər ikisi Rusiya), Anton Korobov (Ukrayna) və Levon Aronyan (Ermənistan) mübarizə aparacaq.

İştirakçılar 6 - 8 noyabrda rapid (1 dövrə), 9 - 10 noyabrda blits (2 dövrə) növündə bacarıqlarını nümayiş etdirəcəklər.

Məmmədyarovun da daxil olduğu 12 tamhüquqlu və 14 qonaq iştirakçının mübarizə apardığı “Grand Chess Tour” 8 mərhələdən ibarətdir. İlk 7 raundun nəticəsinə əsasən "dördlüy"ə düşəcək şahmatçılar dekabrın 2-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək həlledici mərhələyə vəsiqə qazanacaq.

Hazırda 13,5 xalı və 41,250 dollar gəliri olan Məmmədyarov 12-ci sıradadır. Kot dİvuardakı mərhələni buraxan Azərbaycan şahmatçısı Xorvatiyada 9-cu, Fransada 8-ci, ABŞ-da isə 10-cu yeri tutub. Lider norveçli Maqnus Karlsendir. Dünya çempionu hələlik 205 min dollar mükafat əldə edib.

Buxarestdə 1-ci yeri tutacaq şahmatçı 37,500 dollar götürəcək. Yarışın mükafat fondu 150 min dollardır.

Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirinin 1/8 finalında bu gün Rusiya təmsilçisi Daniil Dubovla ikinci görüşünü keçirəcək. İlk görüşdə qalib müəyyənləşmədiyindən, yenə heç-heçə qeydə alınsa, sabah “tay-breyk” olacaq.

Son xəbərlər

Orphus sistemi