"Samtredia"nın baş məşqçisi: "0:5 hesabı ilə uduzsaq da, mərhələ şansımız qalır"

"Samtredia"nın baş məşqçisi: "0:5 hesabı ilə uduzsaq da, mərhələ şansımız qalır" Georgi Tsetsadze: "Biz hakimə görə uduzmadıq"
Futbol
11 İyul , 2017 23:20
Samtredianın baş məşqçisi: 0:5 hesabı ilə uduzsaq da, mərhələ şansımız qalır

Bakı. 11 iyul. REPORT.AZ / "Matçdan öncə bütün məşqçilər öz komandasına inandığını deyir. Böyük hesabla uduzsaq da, hələ mərhələ keçmək şansımız var. Bu gün sadəcə, oyunumuz alınmadı".

"Report"un məlumatına görə, bunu Gürcüstan "Samtredia"sının baş məşqçisi Georgi Tsetsadze "Qarabağ"a Bakıda 0:5 hesabı ilə uduzduqları Çempionlar Liqasınının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib. 

Təcrübəli mütəxəssis türkiyəli referi Mete Kalkavanın idarəçiliyinə belə münasibət bildirib: "Hakimlik barədə danışmaq istəmirəm. Oyunun videoyazısına baxdıqdan sonra bu barədə danışa bilərəm. Biz hakimə görə uduzmadıq. Oyunu komanda uduzdu. Qarşılaşmanı analiz edib, səhvlərimizdən nəticə çıxaracağıq".

G.Tsetsadze Azərbaycan futbolunun Gürcüstanınkından yüksək səviyyədə olduğunu etiraf edib: "Əvvəlcədən demişdim “Qarabağ”ın şansı daha çoxdur. Bu gün “Qarabağ” daha yaxşı oynadı. Əvvəlcədən rəqibin bu heyətlə oynayacağını gözləyirdik. Keçən il “Qəbələ”yə, bu il isə “Qarabağ”a böyük hesabla uduzduq. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycan futbolu bizdən yüksək səviyyədədir".

Qeyd edək ki, cavab görüşü iyulun 18-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi