Yuxarı
    Bağlamaq

    Samir Abasov: "Qovulmağımı yersiz hesab edirəm" - MÜSAHİBƏ

    Mən, sadəcə, hakimə etiraz etdim

    Bakı. 17 aprel. REPORT.AZ/ "Sumqayıt" komandasının baş məşqçisi Samir Abasovun "Report"a müsahibəsi 

    - Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Keşlə" ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?

    - "Keşlə" ilə ardıcıl 3-cü dəfə üz-üzə gəlirik. Çempionatın son oyununda da onlarla qarşılaşdıq. Bu oyuna itkilərlə çıxırıq. 2 mərkəz müdafiəçimizin olmaması bizim üçün itkidir. Sabah sistemi dəyişməyə məcburuq. Birinci matçda 0:1 hesabı ilə məğlub olduq. Buna baxmayaraq, doğma azarkeşlərin qarşısında oynayacağıq. Hamı bilir ki, "Sumqayıt" evdə yaxşı oyun sərgiləyir. Çalışacağıq ki, ən azı bu üstünlükdən istifadə edə bilək. Səfərdə bu hesabla uduzmaq böyük problem deyil. "Keşlə" də avrokuboklara vəsiqə qazanmaq üçün kuboka ümid edir. Bu komanda ilə əvvəlki iki matç ağır keçdiyinə görə, sabahkı oyuna proqnoz vermək çətindir. Fikirləşirəm ki, bizim üçün çox ağır olacaq. Rəqibin necə oynayacağını bilmirik. Onlar 1:0 hesabı ilə öndədirlər. "Sumqayıt"ın da necə oynayacağı sual altındadır. Komandada itkilər var. İnanıram ki, qarşılaşmada futbolçularım uğurlu nəticə əldə edəcək.

    - Bu matçda hansı mərkəz müdafiəçiləriniz oynamayacaq?

    - Vurğun Hüseynov və Rail Məlikov komandaya kömək edə bilməyəcək. Müdafiə xəttində Bəhlul Mustafazadə və Bəxtiyar Həsənalızadə oynayacaq. Son çempionat oyununda da onlara şans verdim.

    - Finala vəsiqə qazanacağınıza inanırsınızmı?

    - "Keşlə" ilə oyuna nikbin baxırıq. Niyə də inanmayaq? Ən azından evdə oynayırıq. Bir qol vursaq, şanslarımızı bərabərləşdirəcəyik. Qapımızda qol görsək, ümidimiz qalmayacaq. Bu da buraxılan qolun vaxtından asılıdır. Düşünməliyik ki, qapımızda qol görsək, nələr edə bilərik. Biz qələbəyə hər zaman inanırıq. Futbolçularım bu komandanı keçməyə qadirdir. Amma çox çətin olacağını da bilirik.

    - AFFA İntizam Komitəsi sizi bir oyunluq cəzalandırıb. Bu qərarla razısınız?

    - Bu cəza ilə razı deyiləm. Oyundan qovulmamalıydım. Burda ikili standartlar var. Başqa məşqçilərdə belə hallar olanda, cəza verilmir. Hakimdən sarı vərəqə tələb etdiyimizə görə, məni ordan qovmaq düzgün deyildi. Baş məşqçi olaraq məni başa düşməliydilər. Bu qərarın üstünə düşə və apellyasiyaya da şikayət edə bilərdik. Hakim də texniki zona qaydalarını pozduğumu deyəcəkdi. Həmin an haqlı olacaqdı. Meydanın xəttindən kənara çıxdığıma görə, qovuldum. Bu isə onlara bəraət qazandıracaq. Ona görə də apellyasiyaya şikayət etmədik ki, ən azından xətti keçdiyimi deyəcəklər. Mənim fikrimcə, qərar son dərəcə haqsızdır. Meydandan qovulmağım komandaya təsir edir. Hamı bilir ki, "Sumqayıt"da ancaq yerli oyunçulardır. Cavan futbolçularımız da çoxdur. Onlara kənardan göstərişlər vermək lazımdır. Ona görə də məni qovmaqla ən çox komandaya təsir etdilər. Məni oradan qovduran 4-cü hakim oldu. O da özünü göstərmək istəyirdi ki, mən belə ciddiyəm. Bu, həqiqətən, çox yersiz və lazımsız qərar idi. Haqsız olaraq məni qovdular.

    - Artıq ikinci dəfədir ki, siz texniki zonadan kənarlaşdırılırsınız...

    - Bəli. Amma onu da demək istəyirəm ki, hamı hər şeyi oyun vaxtı gördü. Orada söyüş də olmadı. Sadəcə, sarı vərəqəyə etiraz edirdim. Futbolçu rəqibini əli ilə tutub irəli getməyə qoymursa, sarı vərəqə ilə cəzalandırılmalıdır. Oradakı hakim isə sarı vərəqə göstərmədi. Niyə belə qərar qəbul etdiyini mən də bilmirəm. Bəlkə də, bilərəkdən etdi. Bunu demək mənim üçün çətindir. Mən, sadəcə, etirazımı bildirdim və qovuldum. Hakimlər asan yolun tapıblar. Mən komandaların adını çəkmək istəmirəm. Bundan da betərin edənlər olub. Hakim isə güya baş verənləri görmür. Bu isə mənə təsir edir. Yenə qeyd etmək istəyirəm ki, apellyasiyaya versəm, deyəcəklər ki, texniki zona qaydalarını pozmusan. Bu isə onlara bəraət qazandırır. Qovulmağımı yersiz hesab edirəm. Bu isə komandama təsir göstərə bilər.

    - Sizin "Sumqayıt"dan ayrılacağınızla bağlı xəbərlər yayılıb. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?

    - "Sumqayıt"la müqaviləm ilin sonunda bitir. Klubla danışıqlar bu ağır matçlara görə dondurulub. Bütün fikrimiz kubok və çempionat oyunlarınadır. Çempionat bitəndən sonra qərarlarımızı yayda verəcəyik. Klubdan gedəcəyimi desəm, düzgün olmaz. Hazırda belə bir şey yoxdur. Qalacağımı da desəm, yalan olar. Hələ özüm də tam qərarımı verməmişəm. Futbolda hər şey olur. Avropa Liqasına vəsiqə qazana bilməsək, komandanın gələcəyi necə olacaq, avrokuboklara vəsiqə qazana bilsək, nələr olacaq? Bunlar mənə aidiyyəti olmayan söhbətlərdir. Bunu mən həll etmirəm. Klub rəhbərliyinin məsələləridir. İndidən bir söz demək olmur. Bəlkə, mənimlə yola davam etmək istəmədilər. Bu barədə öncədən danışmaq istəmirəm.

    - "Sumqayıt"dan ayrılsanız, ölkə xaricində çalışmaq istəyərdiniz?

    - Ölkə xaricindən təklif olsa, getmək istəyərəm. Bunun üçün çox həvəsliyəm. Özümü xaricdə də sınamağı planlaşdırıram. Amma reallıq da var. Azərbaycanlı məşqçini qucağını açıb gözləyən yerlər yox səviyyəsindədir. Agentlərin vasitəçiliyi ilə nələrsə baş verə bilər. "Sumqayıt"da işimə davam etməsəm və xaricdən də təklif olmasa, Azərbaycanın digər klublarından gələn təklifləri dəyərləndirməyə məcburam.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi