Samir Abasov: “Hazırlıq prosesinin bizə xeyli köməyi olacağına inanıram” - VİDEO

Samir Abasov: “Hazırlıq prosesinin bizə xeyli köməyi olacağına inanıram” - VİDEO “Bizim də ürəyimizdən oldu, etiraz etmədik”
Futbol
28 İyul , 2017 14:33
Samir Abasov: “Hazırlıq prosesinin bizə xeyli köməyi olacağına inanıram” - VİDEO

Bakı. 28 iyul. REPORT.AZ/ “Məşqlərə iyunun 22-də Sumqayıtda start verdik. Birinci mərhələdə yüngül məşqlər oldu və 7-8 gün çəkdi. Daha sonra ikinci mərhələyə başladıq. Uşaqların fiziki durumlarını yaxşılaşdırmaqdan ötürü məşqlər etdik. Həmçinin iki yoxlama oyunu oynadıq”. 

“Report”un məlumatına görə, bunu futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov komandanın hazırlıq prosesini dəyərləndirərkən deyib.

Mütəxəssis bildirib ki, Türkiyənin Bolu bölgəsində reallaşdırdıqları hazırlıq prosesi çox faydalı olub: “İyulun 14-də Boluya gəldik. Məqsədimiz komandanın taktiki baxımdan yaxşılaşdırılması idi. Açığı, buradakı şərait buna artıqlaması ilə imkan verir. Yaxşı məşqlər keçdik. Bu hazırlıq prosesinin bizə xeyli köməyi olacağına inanıram. Dörd yoxlama oyunu planlaşdırmışdıq. Bunlardan ikisi Türkiyə Superliqası, ikisi isə ərəb komandaları idi. Lakin burada olduğumuz müddətdə “Adana Dəmirspor”dan da matç keçirməklə bağlı təklif gəldi. Bizim də ürəyimizdən oldu, etiraz etmədik. Bu görüşə razı olmaqda məqsəd oyun praktikası baxımından korluq çəkən futbolçulara şans vermək idi. Artıq 4 matçımız geridə qalıb. Həddindən artıq yaxşı kollektivlərlə qarşılaşdıq. “Osmanlıspor”, “Sivasspor” kimi kollektivlərlə üz-üzə gəldik”.

S.Abbasov komandaya yeni qoşulan futbolçulardan da söz açıb: “Yeni transferlər özlərini bacardıqları qədər yaxşı tərəfdən göstərdilər. İstədiyimiz oyunçuları komandaya dəvət etdik. Çempionat bitməmişdən bunun üzərində çalışırıdıq. Şükürlər olsun ki, alındı. Komandaya tez uyğunlaşmağa səy göstərirlər. Yavaş-yavaş “Sumqayıt”ın bir hissəsi olmağı bacaracaqlar. Boludakı məşqlərimizi bitirdik. Sonuncu yoxlama matçımız qalıb. Səudiyyə Ərəbistanının “Əl-Taavuon” komandası ilə qarşılaşacağıq. Bununla da təlim-məşq toplanışımızı yekunlaşdıracağıq. İyulun 29-u səhər Bakıya yola düşəcəyik. Vətəndə 2-3 günlük istirahətdən sonra yenə məşqlərimizə başlayacağıq və çempionata hazırlaşacağıq”.

Qeyd edək ki, “Sumqayıt” Bolu toplanışı ərzində "Sivasspor" (0:4), "Adana Demirspor" (1:2) və “Osmanlıspor”a uduzub (1:2), “Əl-Fateh” komandasına isə qalib gəlib (3:0).

Son xəbərlər

Orphus sistemi