Yuxarı

​Şahin Diniyev: "Əsas gücümüzü çempionat oyunlarına yönəldəcəyik"

Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun 1/8 finalında keçiriləcək Xəzər Lənkəranla oyundan danışıb

Bakı. 1 dekabr. REPORT.AZ/ "Sıx yarış qrafiki yaranıb, bizim də iki heyətimiz yoxdur ki, həm kubokda, həm də çempionatda mübarizə aparaq. Bir yerə köklənməliyik". "Report"un məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

"Xəzər Lənkəran"la ölkə kubokunun 1/8 final mərhələsinin oyunundan öncə fikirlərini bildirən təcrübəli mütəxəssis üç gündən bir oyuna çıxmağın çətin olduğunu deyib: "Lənkəranda az güc sərf edib qələbə qazanmağa çalışacağıq. Oynamayan futbolçulara şans verəcəyik. Əsas gücümüzü "Sumqayıt"la çempionat matçına saxlayacağıq. Bununla belə, kubok görüşünə də elə-belə baxmırıq. "Kəpəz"in formasını geyinən hər bir futbolçu komandanın əsas heyətinin üzvü sayılır. Az oynayanlara şans yaradacağıq ki, özlərini göstərsinlər".

Ş.Diniyev bildirib ki, Premyer Liqada demək olar zəif rəqib yoxdur. Zəif deyilən klublar çempionatda qələbələr qazanıb xal yığmağa başlayıblar: "Hər bir komanda liderləri büdrətmək gücünə malikdir. Bütün oyunlar üçün maksimum güc sərf etmək lazımdır. Asan və yarı güclə oyun udmaq mümkün deyil. "Xəzər Lənkəran" güclü rəqibdir. Doğma meydanda azarkeşlərinin önündə oynayacaqlar və qələbə qazanmağa çalışacaqlar. Asan oyun olmayacaq. Kubokda hələ ki, dəqiq strategiyamız yoxdur. Çünki heyətimiz geniş deyil, rotasiya etmək imkanımız azdır. Ancaq gələcəyə nikbin baxırıq, kubokda nə qədər uzaq gedə bilsək, gedəcəyik. Sizə açıq deyirəm, əsas gücümüzü çempionat oyunlarına yönəldəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi