Yuxarı

​Şahin Diniyev: " "Daçiya" ilə oyunun taleyi Kişinyovda həll olunacaq"

 Daçiyaya qarşı xarakter göstərəcəyik

Bakı. 27 iyun. REPORT.AZ/ "Oyun həqiqətən də çox çətin olacaq. Buna baxmayaraq, Avropa Liqasında çıxış edən ilk komanda kimi uğurlu nəticə ilə başlamaq istəyirik".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasında Moldova "Daçiya"sı ilə keçirəcəkləri I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

O, futbolçuların tam ideal formada olmasa da, səylə çalışdıqlarını bildirib:

"Çatışmayan 2 məqamdan biri oyun praktikasının azlığıdır. 5 futbolçu ilk dəfə forma geyinəcək. Digər problem 2800 metr hündürlükdən aşağı düşüb düzənliyə uyğunlaşmağa vaxt lazımdır. Avroliqanın qrupuna düşməyi qarşısına məqsəd qoyan "Daçiya"ya qarşı xarakter göstərəcəyik. Məncə, oyunun taleyi sabah yox, Kişinyovda həll olunacaq".

Baş məşqçi daha sonra sualları cavablandırıb:

Futbolçuların hazırlıq səviyyəsi necədir?

- Hər futbolçuya Avroliqa nəsib olmur. Bu, qitə arenasında özünü göstərmək üçün bir şansdır. Yalnız "yanmamaq" üçün futbolçuları rahatlaşdırmaq, öz güclərinə inanmalarını istərdik. Uğurlarımız hələ qabaqdadır. Nəticədən asılı olmayaraq, "Kəpəz" dayanmayacaq və əmin addımlarla irəliləyəcək. Futbolçu seçimi, oyunçuların intizamı yüksək səviyyədədir. Sadəcə, vaxt baxımından sıxıntımız var. Xətlərarası əlaqə gücləndikdən sonra hər şey öz axarına düşəcək.

Komandanın motivasiyası necədir?

- Komandamız hər gün inkişaf edir, irəliyə addım atır. Bu da məni sevindirir. Sabah oyunumuz ideal olmayacaq, sadəcə, futbolçularımız meydanın hər qarışı uğrunda mübarizə aparacaq. Sadəcə, motivasiya yüksək səviyyədə olmalıdır, amma yanmamaq şərtilə.

Azarkeş dəstəyi necə olacaq?

-Məndə məlumat var ki, azarkeşlərin gətirilməsi üçün böyük işlər görülür. Təşkilatçılıq baxımından, işlər qaydasındadır. Rəhbərliyimizin dəstəyi böyükdür. İnanıram ki, sabah 20 min olmasa da, 3-4 min fanat olacaq. Onların da sabah bizimlə birgə olacaqlarına inanıram.

Rəhbərlik qarşınızda hansı vəzifəni qoyub?

- Rəhbərlik heç vaxt nəticə istəməyib. Sadəcə, işləyiriksə, nəticə verməliyik. Bu yöndə iş aparılır. Rəhbərliyimiz futbol adamlarıdır. Heç vaxt tapşırıq qoymurlar. Hamımız əl-ələ verib işimizi görürük. Hamımız harda olduğumuzu, hara getdiyimizi və nə vaxt çatacağımızı bilirik.

Oyun taktikanız necə olacaq?

- Hücumda rəngarəng, müdafiədə etibarlı oynamalıyıq. Səfərdə Bakıdakından yaxşı oynayacağıq. Amma burada da oynamaq lazımdır. Belə oyunlarda buraxılan səhvlər baha başa gələ bilər. Ona görə də ilk 15 dəqiqəni ehtiyatlı oynayacağıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi