Yuxarı

Şahin Diniyev: "10 min manat mükafatı 53 nəfər arasında bölürük"

Kəpəzin baş məşqçisi: Komandadakı problemləri rəhbərliyə xatırladacağam

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Bizim üçün ən çətin oyunlardan birinin olacağını demişdim. Çünki rəqibin itirəcəyi bir şey yoxdur. Bizim üçün isə bu, 6 xallıq oyun idi". "Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra deyib.

49 yaşlı mütəxəssis hər hissədə fərqli oyun sərgilədiklərini bildirib: "Komandaya aqressiv oynamağı, erkən qol vurmağı tapşırmışdıq. Mənə elə gəlir ki, komandam tez hücumlar qurmağa, rəngarəng futbol oynamağa çalışdı. İlk hissədə qol vurduq, eyni zamanda çox güc itirdik. İkinci hissədə bizim üçün çətin olacağını bilirdim. Amma vəziyyəti normal saxlaya bildik. Azarkeşlər daha çox qol istəyə bilər. Amma futbol gözəlliklə yanaşı, nəticə də tələb edir. Məncə, biz ilk hissədə gözəllik yaratdıq, ikinci hissədə isə nəticə üçün oynadıq".

Komandada çətinliklərin olduğunu etiraf edən Diniyev buna rəğmən futbolçuların hər hansı bir narazılıq etmədiklərini açıqlayıb: "Mövsümün sonuna qədər də mübarizə aparacağıq. Futbolçularla söhbət etmişəm. Bildirmişəm ki, seçim sizindir. İstəyirsinizsə, aşağı yerlər üçün oynayın, istəyirsinizsə, yuxarı yerlər üçün oynayın. Qələbə üçün 10 min manat mükafat verilir. Bu 10 min manatı biz 53 nəfər arasında bölürük. Fotoqraf da, otbiçən də, xadimə də, futbolçu da mükafat alır. Mən klub rəhbərləri ilə "Zirə” ilə matçdan sonra da görüşüb, problemləri xatırladacağam"

Diniyevin fikrincə, "Kəpəz” Azərbaycan futboluna rəngarənglik gətirib. Azarkeşlərin stadiona gəlməsi də buna əyani sübutdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi