Bakı. 19 dekabr. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi müəyyənləşib.
“Report” klubun saytına istinadən xəbər verir ki, Ule Qunnar Sulşer cari mövsümün sonuna qədər baş məşqçi səlahiyyətlərini icra edəcək. Norveçli mütəxəssisə Maykl Felan, Maykl Kerrik və Kiran Makkeyna kömək edəcək.
***10:26
Bakı. 19 dekabr. REPORT.AZ/ Norveçin “Mölde” futbol komandasının baş məşqçisi Ule Qunnar Sulşer cari mövsümün sonuna qədər İngiltərə təmsilçisi “Mançester Yunayted”ə rəhbərlik edə bilər.
“Report” “The Guardian”a istinadən xəbər verir ki, futbolçu karyerası ərzində 1996 - 2007-ci illərdə “Mançester Yunayted”in formasını geyinmiş 45 yaşlı mütəxəssisin yeni vəzifəyə təyinatı dekabrın 20-də açıqlanacaq.
Ötən gün klubun rəsmi saytında Sulşerin 1999-cu ildə Çempionlar Liqasının finalında Almaniyanın “Bavariya” komandasına vurduğu qələbə qolunun videosu bu sözlərlə paylaşılıb: “Sulşer kluba “Nou Kamp”da trebl ("qızıl het-trik") gətirən qoldan 20 mövsüm sonra bizim baş məşqçi əvəzimiz olur”.
Lakin bu məlumat tezliklə silinib.
Norveçli sabiq forvard 2015-ci ildən “Mölde”yə rəhbərlik edir. O, 2011 - 2014-cü illərdə də bu komandanın baş məşqçisi olub. Sulşer həmçinin Uelsin “Kardiff Siti” (2014) və “Mançester Yunayted”in gənclər komandasında (2008 - 2011) çalışıb.
“Mölde” sonuncu mövsümdə “Rusenborq”dan 5 xal geri qalaraq Norveç çempionatında 2-ci yeri tutub.
Qeyd edək ki, “Mançester Yunayted” uğursuz nəticələrlə əlaqədar dekabrın 18-də Joze Mourinyo ilə yollarını ayırıb. Portuqaliyalı mütəxəssisin köməkçisi və “Mançester Yunayted”in sabiq futbolçusu Maykl Karrik də baş məşqçi postuna namizəd göstərilir.