“Hələlik MDB ölkələrində işə düzəlməklə bağlı mümkün variantlarla tanış oluram. Amma tələsmirəm. Hansısa komandanı qəbul etsəm, bu, dekabrdan tez olmayacaq. Çünki indi mövsümün qızğın vaxtıdır”.
“Report” xəbər verir ki, bunu “Sportarena”ya müsahibəsində futbol üzrə Azərbaycan Premyer Liqasındakı “Sabah”ın baş məşqçi postuna namizəd olan Yuri Vernidub deyib.
Bakıya gələrək paytaxt təmsilçisinin rəhbərliyi ilə danışıq aparan 53 yaşlı mütəxəssis yeni komanda ilə tanış olmaq və hazırlıq görmək üçün zamana ehtiyac duyduğunu bildirib: “Bu, Belarus, Qazaxıstan, Litva və ya digər ölkələr olsa, yeni komandanın iddialı, qarşısına yüksək vəzifələr qoyan klub olmasını və prezidentin futbola azarkeşlik etməsini istəyirəm. Amma indi belə prezidentlər çox deyil”.
Vernidub 7 ilədək rəhbərlik etdiyi Luqansk “Zarya”sını bu ilin mayında tərk edib. Hazırda işsiz olan ukraynalı mütəxəssis Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Sevilya”nın oyununu canlı izləmək üçün İspaniyaya getməyi planlaşdırdığını söyləyib: “Futboldan tam uzaqlaşmasam da, istirahət etdim. İspaniya futboluna böyük rəğbətim var, hətta onların dilini öyrənirəm. Bir müddət əvvəl İspaniyada oldum, “Levante”də məşq prosesinin necə qurulduğunu izlədim. La Liqa və Sequndanın oyunlarına baxdım. Yeri gəlmişkən, İspaniyada çıxış edən ukraynalı legionerlərimiz – Andrey Lunin, Sergey Myakuşko və Vasili Kravetslə görüşdüm. Tezliklə, oktyabrın 14-dən 20-dək yenidən İspaniyada olmağı planlaşdırıram. Xulen Lopetegi və Pako Lopesin məşqçi ideyalarını müqayisə etmək üçün “Sevilya” və “Levante”nin oyunlarına baş çəkmək istəyirəm”.
Qeyd edək ki, Elşad Əhmədovun istefasından sonra “Sabah”ın boş qalan baş məşqçi postuna yaxın vaxtlarda təyinat olacağı gözlənilir. İqor Ponomaryova müvəqqəti həvalə olunan vəzifəyə Yuri Vernidubla yanaşı, türkiyəli Ümit Özat və gürcüstanlı Georgi Tsetsadze də namizəd göstərilir.