Yuxarı

Rusiyanın artıq həyatda olmayan iki idmançısı dopinqə görə cəzalandırılıb

Onlardan biri 20 il əvvəl intihar edib, digəri 2 il əvvəl qəzaya düşüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) hazırda həyatda olmayan iki rusiyalı idmançını yarışlardan kənarlaşdırıb. "Report"un məlumatına görə, diskvalifikasiyalılar siyahısına yeniyetmələr arasında Rusiya birinciliyinin dəfələrlə qalib və mükafatçısı Qriqori Generalovla ölkə birinciliyinin mükafatçısı Aleksey Çistov da düşüb. 

Generalov 1996-cı ildə intihar edib, Çistov isə 2 il öncə avtomobil qəzasında dünyasını dəyişib. Hər iki mərhum idmançı dopinq qəbulunda günahlandırılıb.

2015-ci il noyabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin müstəqil komissiyası antidopinq qaydalarının sistematik pozulmasına dair məruzə dərc edib. Həmin sənəddə rusiyalı atletlər ittiham olunublar. Bundan 4 gün sonra İAAF Şurası Rusiyanın təşkilatdakı üzvlüyünü qeyri-müəyyən müddətədək dayandırıb. Ardından qurum Ümumrusiya Yüngül Atletika Federasiyasındakı islahatları qiymətləndirəcək Təftiş Komissiyasının yaradıldığını açıqlayıb. İlkin nəticələr martın əvvəllərində Şuranın Böyük Britaniyada keçiriləcək iclasında açıqlanacaq. Rusiyalı idmançılar hələlik beynəlxalq yarışlarda, o cümlədən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edə bilməzlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi