Yuxarı

Rusiya yığmasının futbolçusu: "Ramil Şeydayevin qərarına təəccübləndim"

Nikolay Komliçenko: Onu Azərbaycanın əsas yığmasında debütü münasibətilə təbrik edirəm

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Ramil Şeydayevin Azərbaycan yığmasına gedəcəyini gözləmirdim".

"Report"un məlumatına görə, bunu Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının və Çexiya "Slovan"ının üzvü Nikolay Komliçenko "dailysport.ru"ya açıqlamasında deyib.

21 yaşlı hücumçu Rusiya millisindəki keçmiş komanda yoldaşının qərarına təəccübləndiyini bildirib. Lakin o, yığma seçiminin Şeydayevin şəxsi işi olduğunu vurğulayıb: "Biz onunla şəxsən tanış deyilik. Buna görə də belə qərar verməsinin səbəbini izah etmək mənə çətindir. Təəccübləndim, amma bu, öz işidir. Onu Azərbaycanın əsas yığmasında debütü münasibətilə təbrik edirəm".

Krasnodarda doğulmasına baxmayaraq, milliyyətcə ukraynalı olan Komliçenko Rusiyanı çox sevdiyini və vətəndaşlığını dəyişmək fikrində olmadığını bildirib.

Gənc futbolçunu yaxın günlərdə "Slovan"ın heyətində Bakıya səfər gözləyir. Onun komandası sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Dalğa Arena"da "Qarabağ"la üz-üzə gələcək. Lakin Komliçenko qrupdakı digər rəqiblər - İtaliya "Fiorentina"sı və Yunanıstan PAOK-u barədə danışıb: "Mən "Fiorentina"ya qarşı oynamağı daha çox istəyirəm. Belə komandaya qol vurmaq gözəl olardı. PAOK-la görüş də maraqlı keçəcək. Bu rəqibin bir neçə matçını görmüşəm. Azarkeşlərinin necə fəal dəstəklədiklərini bilirəm. Belə ab-havada oynamaq maraqlı olacaq".

Qeyd edək ki, Azərbaycan və Rusiyanın U-21 milliləri də Avropa çempionatının seçmə mərhələsində eyni qrupda yer alıb. Lakin Komliçenko nə Bakıda 0:3 hesabı ilə uduzduqları, nə də evdə 2:2 hesablı heç-heçə etdikləri görüşdə meydana çıxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi