Yuxarı

Roman Qriqorçuk "Qəbələ"nin məğlubiyyətini müdafiədəki fərdi səhvlərlə əlaqələndirib

Qəbələnin baş məşqçisi mətbuat konfransı keçirib

Bakı. 3 iyul. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Gürcüstan "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının ilkin təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.

"Bugünkü oyun heç xoşuma gəlmədi. Xüsusən ilk hissədən narazı qaldım. Amma növbəti oyundan mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik". "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Gürcüstan "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının ilkin təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Məğlubiyyətə baxmayaraq, ukraynalı mütəxəssis iyulun 9-da keçiriləcək cavab görüşündə mərhələ şanslarından yararlanmağa çalışacaqlarını bildirib: "Növbəti mərhələ şansımız var. Amma neçə faiz olduğunu deyə bilməyəcəyəm. Ötən mövsümün ikinci yarısında 20-dək oyun keçirmişdik. Amma belə səhvlər buraxmamışdıq. Belə səhvləri izah etmək mümkün deyil. Müdafiəçi irəli çıxır, amma onu digər müdafiəçi sığortalamır. Belə səhvlər ağlasığmazdır".

Azlıqda qalan komandaya uduzmalarını təcrübəli mütəxəssis ciddi problem saymayıb: "Bu, hokkey yox, futbol oyunudur. Futbolda praktika çoxdur ki, azlıqda qalan komanda qol vurur. Bu da səhvlərdən qaynaqlanır. Sadəcə, rəqib azlıqda düzgün oynadı. Biz fərdi səhvlərlə yenilmişik. Fərdi səhv isə rəqibin azlıqda və ya tam heyətlə olmasından asılı deyil. Rəqibin azlıqda olmasına baxmayaraq, qol vura bilməməyimizdən narazıyıq. Çox kobud səhvlər buraxdıq".

O, cavab görüşündə səhvləri aradan qaldırmağa çalışacaqlarını da dilə gətirib: "Biz kobud səhv buraxan müdafiəçini əsas heyətdən uzaqlaşdırmırıq. Meydana bu gün daha hazırlıqlı olan oyunçuları buraxırıq. Bu gün ağ kağızdan oynadıq. Yaxşı fiziki hazırlıqdan hələ uzaqdayıq. Bilirəm ki, bizdən güclü oyun gözləyirdiniz. Həmçinin mən də indikindən bir az güclü oyun gözləyirdim. Əminəm ki, bu komanda qat-qat yaxşı oynamağı bacarır. Uduzsaq da, çoxlu qol imkanları qaçırdıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi