Roberto Karlos: “Real Madrid”də səhər məşqinə heç kim gəlmirdi, masada həmişə iki şüşə şərab olurdu”

Roberto Karlos: “Real Madrid”də səhər məşqinə heç kim gəlmirdi, masada həmişə iki şüşə şərab olurdu” Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos İspaniyanın “Real Madrid” klubunda çıxış etdiyi dönəmdəki baş məşqçilərlə bağlı maraqlı açıqlamalar verib.
Futbol
10 Oktyabr , 2019 15:11
Roberto Karlos: “Real Madrid”də səhər məşqinə heç kim gəlmirdi, masada həmişə iki şüşə şərab olurdu”

Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos İspaniyanın “Real Madrid” klubunda çıxış etdiyi dönəmdəki baş məşqçilərlə bağlı maraqlı açıqlamalar verib.

“Report” xəbər verir ki, 46 yaşlı veteran müdafiəçi “Canal 11”ə müsahibəsində Visente Del Boskenin futbolçular üçün məşqçidən çox, dost olduğunu bildirib: “Qaydalar lazım deyil. Oyunçular nə etməli olduqlarını özləri bilirlər. O, bunu çox gözəl anlayırdı. Bəzən bazar ertəsi və çərşənbə axşamları məşq saat 17:00-da başlayırdı. O, səhərə məşq təyin etmirdi. Başa düşürdü ki, demək olar, heç kim gəlməyəcək”.

Karlosun sözlərinə görə, futbolçuların Xose Antonio Kamaço istisna olmaqla, bütün baş məşqçilərlə yaxşı münasibətləri olub: “Kamaço cəmi 10 gün baş məşqçi postunda duruş gətirə bildi. O, “Real Madrid”ə gələrkən ciddi görkəm alaraq oyunçuları salamladı və dedi ki, hamını səhər saat 07:00-da məşqdə gözləyir. Adətən, bizdə səhər məşqi 10:30-da başlayırdı. Başa salmağa çalışdıq, amma onun öz ideyaları vardı”.

Məşhur sol cinah müdafiəçisi həmyerlisi Vanderley Luşemburqonun pivə və şərabı qadağan etməsinə də toxunub: “Luşemburqo ilə də eyni şey oldu. Bizdə ənənə vardı – şam yeməyində pivə və şərab götürə bilərdik. Masada həmişə 2 şüşə şərab olurdu. Ronaldo ilə mən ona başa salmağa çalışdıq ki, insanların adətlərini dəyişmək lazım deyil. O, əvvəlcə pivəni, sonra şərabı yığışdırdı. Nəticədə cəmi 3 ay baş məşqçi oldu”.

Qeyd edək ki, Roberto Karlos 1996 – 2007-ci illərdə “Real Madrid”də çıxı edib. O, son olaraq 2016-cı ildə Hindistanın “Delhi Daynamos” komandasının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi