Yuxarı

Roberto Bordin: "Xal itkisi bizə baha başa gələ bilər"

​Roberto Bordin: "Xal itkisi bizə baha başa gələ bilər"

Bakı. 2 mart. REPORT.AZ/ “Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularımız qələbənin əhəmiyyətini dərk edirdi. Komandam yaxşı oyun nümayiş etdirdi. Qələbə qazanmağa layiq idik. Az şans qazanan futbolçuların durumundan razı qaldım. Qalib gəldiyimiz üçün xoşbəxtik”.

"Report"un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin evdə "Sabah"ı 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Ruslan Abışov zədədən yeni qayıdıb. Onun son durumu necədir?

- Ruslanın ciddi zədədən qayıtdığını unutmayaq. Onun qayıdışına sevinirəm. İndiki vaxtda oynamaq üçün hazır deyil. Komanda ilə birgə məşq etmədiyi üçün kollektivdən geri qalır.

Məhəmməd Mirzəbəyov oyunun sonlarına yaxın qırmızı vərəqə aldı. Həmin epizodla bağlı nə deyə bilərsiniz?

- Düşünürəm ki, həmin epizodda qayda pozuntusu yox idi. Azlıqda qaldıqdan sonra rəqib qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladı. Futbolçumu itirmək istəmirdim. Həmin epizoda təkrar baxacağıq.

Qələbə qazansanız da, oyunçularınızın sarı vərəqələrinin sayı çox oldu...

- Sarı vərəqə hər iki komandaya göstərildi. Ona görə də bu barədə çox danışmaq lazım deyil.

Çempionluq uğrunda əsas rəqibiniz olan “Qarabağ”la bu oyunadək eyni xala malik idiniz. Qalan matçlarda liderliyi qorumağın çətin olacağını düşünmürsünüz?

- Mən “Qarabağ”ı düşünmürəm. Xal itirsək, bizə baha başa gələr. Artıq növbəti oyun barədə düşünməliyik. Çempionatın davamında bizi nələrin gözlədiyini görəcəyik.

Epizodların birində rəqibin hücumçusu Marko Deviçə irad bildirdiniz. Nə baş verirdi?

- Bizim aramızda böyük problem olmadı. Vangelis Platellasın sarı vərəqə aldığı epizodu müzakirə edirdik. Mənim fikrimcə, Platellasın epizodu o qədər də təhlükəli deyildi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi