Riçard Almeyda Mahir Mədətovu Koutinyo ilə müqayisə edib

Riçard Almeyda Mahir Mədətovu Koutinyo ilə müqayisə edib Razıyam ki, çətin oyun oldu. Ümumiyyətlə, bilirik ki, çempionatda asan oyun yoxdur. Birinci hissədə əsas komandanın əzmkarlığını qeyd edərdim. İlk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. İkinci hissədə daha çox qol imkanımız oldu. Amma yenə deyirəm ki, xarakteri qeyd etməliyik. Büdrəyə bilmərik və qələbə üçün sevincliyik.
Futbol
16 Mart , 2019 00:02
Riçard Almeyda Mahir Mədətovu Koutinyo ilə müqayisə edib

"Razıyam ki, çətin oyun oldu. Ümumiyyətlə, bilirik ki, çempionatda asan oyun yoxdur. Birinci hissədə əsas komandanın əzmkarlığını qeyd edərdim. İlk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. İkinci hissədə daha çox qol imkanımız oldu. Amma yenə deyirəm ki, xarakteri qeyd etməliyik. Büdrəyə bilmərik və qələbə üçün sevincliyik".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi digər sualları da cavablandırıb...

Artıq qarşıda 7 tur qalıb. Ümidiniz varmı ki, mövsümün sonunda “Neftçi”ni keçə biləcəksiniz?

- Əlbəttə. Bu, futboldur, hər şey ola bilər. Həm “Neftçi”, həm də “Qarabağ” yaxşı komandadır. Bu gün onlar bizdən irəlidədirlər. Bu da normaldır. Əvvəlki formamızı bərpa etməyə başlayırıq. Bir məqsədimiz var: bütün oyunlarda qələbə qazanmaq.

Bu mövsüm “Qarabağ” “Səbail”, “Zirə” kimi komandalarla oyunlarda çox əziyyət çəkir. Bu, nə ilə əlaqədardır?

- Həmin komandalar çox artırıblar, heyətlərinə yaxşı futbolçular qatıblar. Ona görə də oyunlar çətin keçir. Nəzərə alaq ki, biz ardıcıl 5 il çempion olmuşuq. Bu səbəbdən bütün komandalar bizi məğlub etmək istəyirlər.

Mahir Mədətovun bu qədər qol fürsətini boşa verməsi haqqında siz nə düşünürsüz?

- Hər bir futbolçunun çətin dövrləri olur. Ona dəstək vermək lazımdır. Amma Mahir öz üzərində işləyən futbolçudur. Həmişə məşqdən sonra qalıb, çalışır. Dəstək çox önəmlidir. Məsələn, "Barselona"nın futbolçusu Koutinyonu götürək: neçə oyun idi qol vurmurdu. Azarkeşlər ona dəstək oldular. Son oyunda qol da vurdu. Əsas odur ki, komanda yoldaşlarının inamını hiss etsin.

“Səbail” dünyaca tanınmış futbolçu Maykl Essyeni heyətinə qatır. Bu gün oyunu da tribunadan izlədi. Buna münasibətiniz maraqlı olardı...

- Essyen kimi futbolçuların Azərbaycana gəlməsi çempionat üçün yaxşı reklam olar, Premyer Liqanın səviyyəsini qaldırar. Onun oyunlarını çox izləmişəm. Dəyər verdiyim futbolçulardan biridir, Çempionlar Liqasının qalibi olub. Ümumiyyətlə, bu tip oyunçuların gəlməsi bizim üçün də xoşdur.

Qarşıda milli komandanın oyunları var. Xorvatiya ilə səfər matçından nə gözləmək olar?

- Yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında məşqə çıxacağıq. Oyun fəlsəfəsini biləcəyik. Əlbəttə, Xorvatiya çox güclü rəqibdir, dünya çempionatının finalçısıdır. Amma gələcəyi görmək olmur. Biz də çalışacağıq ki, səfərdə yaxşı nəticə qazanaq.

Son xəbərlər

Orphus sistemi