Yuxarı

RFİ-nin komitə rəhbəri: "Avropa azarkeş zorakılığına qarşı hazır deyildi"

Ola bilsin, onlar kimsə tərəfindən hazırlanıb, ola bilsin, bu, onların öz təşəbbüsü olub, lakin bunun futbolla heç bir əlaqəsi yoxdur

Moskva. 21 iyun. REPORT.AZ/ Azarkeşlərin zorakılığı və qeyri-idman hərəkətləri bütün Rusiya futboluna zərbə vura bilər.

Bu barədə "Report"a açıqlamasında Rusiya Futbol İttifaqının (RFİ) İnspektorlar Komitəsinin sədri Aleksey Spirin bildirib.

"Əvvəllər daha çox səbrli davranardılar. Azarkeşlərin yaşlı nəsli daha xoşniyyətli, hətta deyərdim, ünsiyyətcil idi. Əlbəttə, istisna hallar da olurdu. Fanatlar əllərinə keçəni meydana atırdı. O vaxtlar petardalar, fayerlər yox idi", - deyə A.Spirin bildirib.

Onun sözlərinə görə, əvvəllər ən çılğın azarkeşlər ingilislər və hollandlar olub. Komitə sədri ingilis azarkeşlərin hərəkətləri nəticəsində tribunanın dayaqlarının qırılması və çökməsi nəticəsində 39 nəfərin ölümü ilə nəticələnən Eyzel faciəsini xatırladıb.

"Xatırladım ki, bu hadisə elə də çoxdan olmayıb, 1985-ci ildə baş verib. O vaxt bu olaya görə bütün İngiltərə klubları 5 il müddətinə UEFA və FİFA bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırlmışdı. O hadisədən sonra bütün Avropa ölkələri bu cür məsələlərlə zarafat etməyin mümkün olmadığını anladı və çılğın fanatlarını sakitləşdirməyə başladı. Elə ingilislər də öz azarkeş qruplarını cilovlamağı bacardı", - deyə A.Spirin vurğulayıb.

Rusiyada azarkeşlərə olan münasibətdən komitə sədri Rusiya Federasiyasında təhlükəsizlik məsələlərinin dərindən düşünülmüş və hazırlanmış olduğunu qeyd edib: "Azarkeşlərə oyunlardan əvvəl kütlə şəklində gəzişmək imkanı vermirik. Nəsə baş verirsə, dərhal təxirəsalınmaz və qəti tədbirlər görülür. Amma yenə də xüsusi hallar yaşanır. Məsələn, 2012-ci ildə "Zenit" - "Dinamo" oyununun yarımçıq saxlanılması kimi. Avropa isə görünür, azarkeş zorakılığına qarşı hazır deyildi".

O, Fransada keçilən Avropa Çempionatında da analoji halların yaşandığını, azarkeşlərin zorakılıq etdiyini və qeyri-idmani hərəkətlərlə yadda qaldığını bildirib. A.Spirinin sözlərinə görə, ola bilsin, həmin fanatlar kimsə tərəfindən hazırlanıb, ola bilsin, bu, onların öz təşəbbüsü olub, lakin bunun futbolla heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, azarkeşlərin, o cümlədən rusiyalı fanatların davranışlarındakı çatışmazlığın əsas səbəbi tərbiyə və sağlam düşüncə tərzinin olmamasıdır.

Komitə sədri qeyd edib ki, azarkeşlər bu yolla həyatda kim olduqlarının sübut etməyə çalışır: "Aydın məsələdir ki, bunlar həmin insanların həyat səviyyəsi və sosial vəziyyəti ilə bağlıdır. Təəssüf ki, sosial vəziyyəti ağır olan insanları asanlıqla manipulyasiya etmək olur. Hələ ki vəziyyətdən çıxış yolu kimi bu cür insanların stadionlara girişinin məhdudlaşdırılmasında görürəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi