Yuxarı

​"Rəvan" klubu ilə bağlı araşdırma aparılır

Klubda AFFA vəsaitlərinin düzgün sərf olunmamasına dair şübhələr yaranıb

Antalya. 25 fevral. REPORT.AZ/ AFFA Azərbaycanın I Divizionunda çıxış edən "Rəvan” klubuna qarşı araşdırmalara başlayıb.

Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, "Rəvan”da AFFA tərəfindən köçürülmüş vəsaitin təyinatı üzrə sərf olunmamasına dair şübhələr yaranıb:

"Bu klub bir uşaq komandasını saxlaya bilmir. Klublarda futbol akademiyası işini "Rəvan”da davam etdirdik. Bunu onlara stimul olması üçün etdik. Ora idman direktoru verdik, bütün yerli məşqçilərin maaşını ödəyirik, avadanlıqla təmin edirik. Amma bugünlərdə U-14 Elit Kubokunda "Rəvan” komandasını köhnə geyimdə gördük. Halbuki geyimləri onlar üçün AFFA təzə vəziyyətdə alıb, pulunu da köçürüb. İndi şübhə yaranıb ki, həmin vəsaitlə böyüklərdən ibarət komandanı geyindiriblər”.

E.Məmmədov araşdırmaların nəticəsinin martda bəlli olacağını söyləyib. Onun sözlərinə görə, nəticə müsbət olsa, AFFA bu layihəni "Rəvan”da dayandıracaq, həmin klubdakı idman direktorunu başqa kluba keçirək:

"Ola bilsin, "Rəvan” rəhbərliyi baş verənlərdən xəbərsiz idi. Ona görə də biz artıq rəsmi olaraq, ötən həftə birbaşa rəhbərliyə müraciət etmişik. Bəlkə ordakı bəzi insanlar işə məsuliyyətsiz yanaşırlar. Belə görünür ki, bəzi hallarda bəzi insanlar vəsaitdən düzgün istiqamətdə istifadə etmirlər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi