Bakı. 27 sentyabr.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Gənclər Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi "Roma" ilə keçirdikləri oyundan sonra deyib.
O, 0:3 hesablı məğlubiyyəti rəqibin ustalıq səviyyəsinin yüksək olması ilə əlaqələndirib: "Erkən qol buraxdıq. Uşaqlarda həyəcan hiss olunurdu. İkinci hissədə əzmkarlıq göstərdilər, yaxşı futbol oynadılar. Sadəcə, rəqibin ustalığı və təcrübəsi öz sözünü dedi. “Çelsi” ilə matçda bir az fərqli sistemlə oynayırdıq. Londonda daha ehtiyatlı davranırdıq. Burada isə yaxşı nəticə qazanmağa çalışırdıq. İlk matçda oyunumuzu müdafiədən qurmuşduq. İndi hücumlara çıxmaq istəyirdik".
Sadıqov ilk 2 turda 8 qol buraxmalarının səbəbini də açıqlayıb: "Şikayət etmək istəmirəm. Keçənilki komandadan cəmi 1 nəfər qalıb. Təzə kollektiv qurmuşuq. Yeni oyunçulardan da cəmi 8-ni istifadə edə bilirik. Heyətimizdə isə 13-14 təzə oyunçu var. Hamısından yararlana bilmirəm. UEFA-nın qaydası var ki, 8 nəfər öz yetirməmiz olmalıdır. Bu yaş qrupu da bizdə keçən il olmayıb. Bir az bu baxımdan çətinlik çəkirik. Əlimizdən gələni edirik ki, komanda oyuna yaxşı çıxsın. Bu rəqib 3 gün əvvəl “Yuventus” üzərində səfər qələbəsi qazanmışdı. Ustalıq öz sözünü deyir".
Qeyd edək ki, Rəşad Sadıqov həm də "Qarabağ"ın əsas komandasının və Azərbaycan millisinin kapitanıdır.