Sansone: "Neftçi"də ilk qolum yox, komandamın qələbəsi vacibdir" - YENİLƏNİB-2

Sansone: "Neftçi"də ilk qolum yox, komandamın qələbəsi vacibdir" - YENİLƏNİB-2 Bakı. 2 mart. REPORT.AZ/ Düşünürəm ki, bu gün çox yaxşı oynadıq. Qolu da erkən vurmağımız bizim üçün önəmli idi. Bundan sonra ikinci qol da gəldi. Bununla da daha yaxşı oynamağa başlayaraq, oyunun taleyini həll etdik.
Futbol
2 Mart , 2019 23:18
Sansone: Neftçidə ilk qolum yox, komandamın qələbəsi vacibdir - YENİLƏNİB-2

Bakı. 2 mart. REPORT.AZ/ "Düşünürəm ki, bu gün çox yaxşı oynadıq. Qolu da erkən vurmağımız bizim üçün önəmli idi. Bundan sonra ikinci qol da gəldi. Bununla da daha yaxşı oynamağa başlayaraq, oyunun taleyini həll etdik".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin heyətində ilk qolunu Azərbaycan Premyer Liqasının XIX tur matçında "Sabah"a vuran Canluka Sansone deyib.

İtaliyalı hücumçu jurnalistlərin digər suallarını da cavablandırıb...

"Neftçi"dəki ilk qolunuzla bağlı nə deyə bilərsiniz?

- Bu, mənim üçün vacib idi. Ancaq daha vacib olanı komandanın nəticəsidir. Bu gün həm özüm, həm də komanda olaraq yaxşı nəticə verdik. Məni ən çox sevindirən budur.

"Səbail"ə məğlubiyyətin ardından bu gün komandanız daha yaxşı təsir bağışladı. Bu bir həftədə nə dəyişdi?

- Sizinlə razı deyiləm. Deməzdim ki, ötən turun oyunu ilə indiki arasında böyük fərq var. Sadəcə, bu gün biz əlimizə düşən imkanlardan istifadə edə bildik. Ötən tur bunu bacarmamışdıq. Məncə, bir məğlubiyyət arxaya addım kimi qiymətləndirilməməlidir.

Matça start heyətində başlasanız da, ikinci hissədə əvəzlənirsiniz. Bu, nə ilə əlaqədərdir: Fiziki olaraq hazır deyilsiniz?

- Komanda 11 nəfərdən ibarət deyil. Ehtiyatda da oyunçular var. Hər bir futbolçu meydana çıxmağa layiqdir. Onlara da şans verilməlidir. O ki qaldı mənim əvəzlənməyimə, bu, artıq baş məşqçinin qərarıdır. Kimin oynamasına, nə vaxt meydana çıxmasına o qərar verir.

Mövsümü neçə qolla başa vurmaq istəyirsiniz?

- İstəyirəm ki, biz qalib gələk.


***22:27

Bakı. 2 mart. REPORT.AZ/ "Sabah"a qış fasiləsindən sonra gəlmişəm. Bu üzdən komandadakı qeyri-stabilliyin səbəbi barədə nəsə demək mənə çətindir. Deyə bilərəm ki, məşqlərimizi necə lazımdır edirik. Sadəcə, hansısa məqamda nəsə çatmır".

"Report"un məlumatına görə, bunu "Sabah"ın futbolçusu Rəşad Eyubov Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib. Dövrələrarası fasilədə məhz "Neftçi"dən "Sabah"a keçən orta sahə oyunçusu bu amilin oyununa təsir etmədiyini söyləyib.

Eyubov "Neftçi"yə özünü sübut etmək barədə düşünmədiyini vurğulayıb:

"Mənim üçün prinsipial oyun deyildi. Yalnız "Sabah"ın qələbəsi üçün meydana çıxmışdım. "Neftçi"yə qarşı məndə hansısa revanş hissi, prinsipiallıq yox idi. Aqressiv olmağım bəzi epizodlarda narazı qalmağımla bağlı idi".

27 yaşlı oyunçu əlavə edib ki, ötən turda "Qarabağ"dan (1:1) xal aldıqdan sonra "Neftçi"ni də büdrədəcəklərinə inanıblar:

"Qarabağ"la heç-heçədən sonra gördük ki, oynamaq olar. Bu gün açıq futbol sərgilədik. Ancaq bunun üzərində hələ çox çalışmalıyıq. Düşünürəm ki, məşqçilər korpusu oyunu təhlil edəcək. Demək olmaz ki, məğlubiyyətdə səbəb seçilən taktika idi".


***21:49

Bakı. 2 mart. REPORT.AZ/ “Rəqib ardıcıl iki oyundur xal itirirdi. Buna görə aqressiv olacaqlarını bilirdik. Gözlədiyimiz oyunun şahidi olduq”.

"Report" xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Neftçi”yə 0:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

49 yaşlı mütəxəssis komandasının çıxışından razı qalmadığını bildirib:

"Flaqman bizdən üstün oynayırdı. Komandamın ilk hissədəki oyunundan razı qalmadım. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”.

Əhmədov yeni transfer Təmkin Xəlilzadəni erkən əvəzləməsinin səbəbini isə belə izah edib: "Təmkinin temperaturu var idi. Oyuna 38 dərəcə qızdırma ilə çıxmışdı. Əvəzləməyim bununla bağlı idi".

Baş məşqçi kapitan Cavid İmamverdiyevin ehtiyatda qalmasını isə zədə problemi ilə əlaqələndirib:

"Cavid zədədən əziyyət çəkirdi. Cəmi iki gündür komanda ilə birgə məşq edirdi. Ona görə bu gün risk etmək istəmədik".

Son xəbərlər

Orphus sistemi