Yuxarı

​Ramin Musayev: Futbolda azarkeş davası olmasa, onun ləzzəti olmaz

Bütün dünyada belədir, nəinki Azərbaycanda

Bakı. 9 Avqust. REPORT.AZ/ Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Report"un suallarını cavablandırıb.

Çempionat başlar-başlamaz azarkeşlər tərəfindən xoşagəlməz hadisə yaşandı...

- Futbolda azarkeş davası olmasa, onun ləzzəti olmaz. Bütün dünyada belədir, nəinki Azərbaycanda. Hələ, ən sakit azarkeşlər, bizdədir.

Premyer Liqaya qayıdan "Kəpəz"in oyunu sizi qane etdi?

- Çox xoşuma gəldi. "Neftçi"nin də oyununu bəyəndim. Cavan uşaqlardı, birinci oyundu, hələ rəqibin oyunlara tam bələd deyillər, həyəcanlanırlar. Yəni bunları nəzərə almaq lazımdır. Birinci oyun o demək deyil ki, "Neftçi" zəifdi, "Kəpəz" güclüdür və ya əksinə. Bunu bilmək olmaz. İnşaallah bunu 5-ci turdan sonra biləcəyik.

"Neftçi" azarkeşlərinin "Kəpəz" klubunun avtobusunu daşa basmasına görə, komanda cəzalandırılacaqmı?

- Onu aydınlaşdıracağıq. Bəlkə heç vuran "Neftçi" azarkeşi olmayıb. Bu müvafiq orqanların araşdırmasından sonra məlum olacaq.

Stadionda polislərin azlığı nə ilə əlaqədar idi?

- Avrokubok oyunları ilə daxili çempionat fərqli şeylərdi. Əgər daxili çempionatda 3-4 min adam var idisə, Avropa matçları zamanı 12-13 min azarkeş olurdu. Hər saya uyğun polis nəfəri ayrılır. Hər çempionatdan öncə, mən bir rəhbər olaraq daxili işlər naziri, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi və oyunların keçirildiyi rayonların rəislərinə məktub göndərərək lazımi xahişlərimizi onlara çatdırıram. Sağolsunlar ki, bu günə qədər heç bir problemimiz olmayıb və olmayacaq da.

Bu il "Neftçi" - "Xəzər Lənkəran" matçında hər iki tərəfin də azarkeşi olacaq?

- Onu fikirləşərik. Əgər hər iki klub rəhbərliyi cavabdehliyi öz üzərinə götürsə, oyun azarkeşlər önündə keçirilə bilər. Mən şəxsən bunun tərəfdarıyam.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi