Yuxarı

Rahid Əmirquliyev: "Milliyə namizəd olan baş məşqçi barədə məlumatlı deyiləm"

Bakı. 11 fevral. REPORT.AZ/ "Ev oyunumuzdan qalib ayrılmaq istəyirdik. Baxmayaraq ki, rəqib sonuncu pillədə idi, ağır oyunun olacağını bilirdik. Azərbaycan Kubokunun 1/4 final mərhələsində bizi mübarizədən kənarlaşdırdıqlarından, istəyirdik ki, həmin məğlubiyyətlərin də əvəzini çıxaq. Pis oynamadıq, ən azı uduzmamalı idik". 

Bunu "Səbail" klubunun futbolçusu Rahid Əmirquliyev evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra "Report"a açıqlamasında deyib. 30 yaşlı yarımmüdafiəçi qol fürsətlərindən yararlana bilmədiklərini vurğulayıb: "Həqiqətən də çoxlu qol imkanımız oldu, lakin istifadə edə bilmədik. Bunun konsentrasiya, yoxsa bəxt amili ilə əlaqədar olduğunu demək çətindir. Futboldur, hərdən yaxşı oynasan da, nəticə alınmır. Sonda belə məğlubiyyət qeydə alındı. Meydanda aqressiv oyunun getməsi normal haldır. Heç bir futbolçu uduzmaq istəməz". 

Əmirquliyev yeni baş məşqçinin rəhbərliyi altında Azərbaycan millisində oynamağa hazır olduğunu da diqqətə çatdırıb: "Bu barədə saytlardan oxumuşam, elə də məlumatlı deyiləm. Martın 21-də ilk rəsmi oyunumuz olacaq. Səfərdə Xorvatiya ilə Avropa çempionatının seçmə matçında üz-üzə gələcəyik. Milliyə layiq olub-olmadığımı deməyim düzgün deyil. Buna oyunumu izləyənlər qiymət verərlər. Həm məşqlərdə, həm də oyunlarda maksimum dərəcədə çalışıram. Çağırsalar, can-başla kömək etməyə hazıram. Amma bu, baş məşqçinin qərarıdır, bilmək olmaz".

Qeyd edək ki, Rahid Əmirquliyev "Səbail" komandasının kapitanıdır. O, Azərbaycan millisində də bu funksiyanı yerinə yetirib. Hazırda yığmanın baş məşqçi postuna xorvatiyalı Nikola Yurçeviç namizəddir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi