Yuxarı

Rahid Əmirquliyev: "Böyük hesabla da qələbə qazana bilərdik"

Mənim və ya başqasının kapitan olmasının fərqi yoxdur

Bakı. 18 noyabr. REPORT.AZ/ "Yoldaşlıq görüşü olsa da bizim üçün çətin keçdi. İstəyirdik ilin sonuncu oyununu qələbə ilə başa vuraq. Buna da nail olduq". "Report"un məlumatına görə, bunu Moldova yığmasını 2:1 hesabı ilə yendikləri yoldaşlıq görüşünə Azərbaycan millisini kapitan sarğısı ilə çıxarmış "Xəzər Lənkəran"ın futbolçusu Rahid Əmirquliyev deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, böyük hesabla da qələbə qazanmaq mümkün idi: "İkinci hissənin sonunda yorğunluqdan, ya nədənsə komanda arxaya oturdu. Çoxlu qol imkanlarımız oldu. Böyük hesabla da qələbə qazana bilərdik. Ancaq belə alındı".

Əmirquliyev ilk dəfə iyunun 7-də Serbiya ilə yoldaşlıq görüşündə Azərbaycan millisinin kapitanı olub. Həmin vaxt onun komandası 1:4 hesabı ilə uduzub. O, yığmada ikinci dəfə eyni statusla meydana çıxmasını adi qarşıladığını bildirib: "Kapitan kimi ilk olaraq Serbiyada oynamışdım. Əslində "Xəzər Lənkəran"da da kapitanam. Necə oynayıramsa, elə də davam edirəm. Mənim və ya başqasının kapitan olmasının fərqi yoxdur".

Təcrübəli futbolçu sonda Azərbaycan millisi üçün AVRO-2016-nın seçmə tsiklini də dəyərləndirib: "Düzdür, pis başlamışdıq - 4 məğlubiyyət olmuşdu. Ancaq baş məşqçi dəyişikliyindən sonra Bolqarıstanla oyunu çıxsaq, ili uğurlu saymaq olar. Yenə də çalışmalıyıq ki, gələn tsikldə bundan da yaxşı nəticə göstərək, hətta alınsa, qrupdan da çıxaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi