Yuxarı

"Qəbələ" rəsmisi: "Gürcüstan klubu ilə oyunda ötənilki olayların təkrarlanmaması üçün tədbirlər görəcəyik"

Fariz Nəcəfov: Yəqin ki, Qəbələ ilk oyununu səfərdə keçirəcək

Bakı. 20 iyun. REPORT.AZ/ "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Klub rəsmisi "Report"a açıqlamasında Gürcüstan "Samtredia"sı barədə dolğun məlumata malik olmadıqlarını bildirib. 

"Bilirik ki, rəqib gümüş medalçı olub. Heyəti əsasən, gürcü futbolçulardan təşkil olunub" deyən vitse-prezident mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini söyləyib. 

Hazırda "Qəbələ" Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışındadır. Püşkə əsasən, "qırmızı-qaralar" ilk oyunu evdə keçirməlidirlər. Lakin F.Nəcəfovun fikrincə, oyunların yerləri dəyişəcək: "Çünki biz də ev stadionu kimi "Bakcell Arena"nı sifariş etmişik. Püşkə əsasən, bu arenanın sahibi "Neftçi" də ilk oyununu evdə keçirməlidir. Bu halda, qaydalara əsasən, biz mübarizəyə səfər qarşılaşması ilə başlamalıyıq. Yəqin ki, UEFA tezliklə müvafiq qərarı qəbul edəcək. Mübarizəyə səfər oyunu ilə başlasaq, komandamız Gürcüstanda oyunu keçirdikdən sonra Bakıya qayıdacaq". 

Ötən mövsümdə "Qəbələ" Avroliqanın I təsnifat mərhələsində Gürcüstan təmsilçisi ilə üz-üzə gəlmişdi. Həmin vaxt Tbilisi "Dinamo"su ilə səfər matçında yerli azarkeşlər stadiondan separatçı plakat asmış, nəticədə cavab görüşündə azərbaycanlı azarkeşlər Qəbələdə Gürcüstan bayrağını yandırmışdılar. F.Nəcəfov bu amili nəzərə alaraq, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində daha ciddi addımlar atacaqlarını bildirib: "Düşünürəm ki, təhlükəsizlik dövlət səviyyəsində təmin olunacaq. Hər halda ev oyunumuzda belə olacağına əminəm. Gürcüstandakı qarşılaşmada da heç bir problemin baş verməməsi üçün "Samtredia" rəhbərliyi ilə danışacağıq".

 Sonda "Qəbələ" rəsmisi bir əcnəbi hücumçu transfer etmək istədiklərini də bildirib. O, hazırda transferə çıxarılmış Aleksey Antonovla Sergey Zenyovun komandaya qaytarılacağına inanmadığını, lakin bu məsələnin baş məşqçi Roman Qriqorçukdan asılı olduğunu söyləyib.

Qeyd edək ki, "Samtredia" ilə ilk oyun iyunun 30-da, cavab görüşü isə iyulun 6-da keçirilməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi