Yuxarı

​"Qəbələ" rəsmisi: "Dodo müqaviləsini klubun istədiyi müddətə artırmağa hazırdır"

Braziliyalı 4-5 günə komanda ilə birgə məşqlərə başlayacaq

Bakı. 27 aprel. REPORT.AZ/ "Dodo "Xəzər Lənkəran"la oyunda meydana çıxmağı çox istəyirdi. Amma oyunöncəsi məşqdə zədə özünü göstərdi". Bunu "Report"a açıqlamasında "Qəbələ" klubunun baş meneceri Zaur Əzizov komandanın üzvü Dodonun vəziyyətinə aydınlıq gətirərkən deyib.

Hazırda "qırmızı-qaralar"ın braziliyalı aparıcı üzvünün fərdi məşq etdiyini söyləyən Z.Əzizov yarımmüdafiəçinin 4-5 gün ərzində komanda ilə birgə məşqlərə qoşula biləcəyini söyləyib: "Hər bir futbolçunun zədəsi bizi narahat edir. Deməzdim ki, Dodo zədəyə meyllidir. Mövsümün ilk yarısında xeyli ağır oyunlar oldu. Fikrimiz odur ki, əlimizdə olan futbolçulardan maksimum yararlanaq. Hazırda plan üzrə işləyirik. Dodo tezliklə komandaya qoşulacaq".

Baş menecer 29 yarışlı oyunçunun yayda "Qəbələ"dən gedəcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Dodo "Qəbələ"də qalmağı çox istəyir. Biz komanda ilə mütəmadi görüşür və danışırıq. Bu mövzuda klub o qədər də tələsmək istəmir. Deyirlər ki, Dodo artıq klub tapıb və gedir. Amma o, müqaviləsini klubun istədiyi müddətə artırmağa hazırdır".

"Qəbələ" rəsmisi komandadan göndəriləcək futbolçularla bağlı hələ heç bir qərar verilmədiyini bildirib: "Hazırda bizim üçün mövsümün ən önəmli dönəmidir. Futbolçuların seçimi ilə klubun seleksiyaçıları məşğul olur. Onlar mövsüm ərzində bu işi görürlər. Çempionatın sonları olduğu üçün bütün diqqətimizi qarşıdakı çempionat və kubok oyunlarına yönəltmişik. Mövsümü başa vurduqdan sonra futbolçularla bağlı işlər görüləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi