Yuxarı

"Qəbələ"nin yeni transferi: "PAOK-a qalib gəlməli idik"

Fakundo Pereyra: Mənə müəyyən qədər vaxt lazımdır

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Qəbələ”nin son futbolçu transferlərindən olan Fakundo Pereyra üçün Avropa Liqasının qrup mərhələsinin I tur qarşılaşması sabiq komandası ilə duellə əlamətdar olub. "Report"un məlumatına görə, “qırmızı-qara” forma geyənədək Yunanıstan PAOK-unda çıxış etmiş 28 yaşlı hücumçu yeni klubundakı 2-ci matçında Saloniki təmsilçisi ilə qarşılaşıb. 

Bunadək Premyer Liqada "İnter"lə matçda debüt etmiş Pereyra avrokuboklarda “Qəbələ” formasında meydana çıxan 31-ci oyunçu olub. Argentinalı legioner "gabalafc.az"a açıqlamasında bütün potensialını ortaya qoymaqdan ötrü müəyyən vaxta ehtiyac duyduğunu bildirib: “Əvvəllər PAOK-da çıxış etdiyimdən, sabiq komandama qarşı oynayırdım. Bu komandada bir müddət top qovmuşam. Oradakı insanlarla yaxşı münasibətlərimiz var. Lakin indi “Qəbələ”nin futbolçusuyam. Bu komandanın uğurları üçün çalışır, bacarığımı əsirgəmirəm. Klubumda ikinci oyunumu keçirdim. Meydanda əlimdən gələni etdim. Lakin komandada yeni olduğumdan, mənə müəyyən qədər vaxt lazımdır ki, bütün potensialımı ortaya qoyum. Məhz onda azarkeşlər nəyə qadir olduğumu görəcəklər". 

PAOK-la qarşılaşmada üstün futbol oynadıqlarını deyən Pereyranın fikrincə, "Qəbələ" bu matçda qalib gəlməli idi: "Oyuna nəzarət bizim əlimizdə idi. Qol imkanları da yaratdıq. Hətta real qol vəziyyətləri də oldu. Amma bunların heç birindən istifadə edə bilmədik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi