"Qəbələ"nin hücumçusu: "Final oyununda komandamız qələbəyə köklənib"

"Qəbələ"nin hücumçusu: "Final oyununda komandamız qələbəyə köklənib" "Çempionluq öz əlimizdə idi"
Futbol
1 May , 2017 10:24
Qəbələnin hücumçusu: Final oyununda komandamız qələbəyə köklənib

Bakı. 1 may. REPORT.AZ/ "Mövsümün son oyununda iki ən güclü komanda üz-üzə gələcək. Maraqlı oyun olacaq. Komandamız qələbəyə köklənib və buna hazırdır".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Daniel Subotiç mayın 5-də "Qarabağ"la keçirəcəkləri Azərbaycan Kubokunun final matçı barədə danışarkən deyib.

Naxçıvana ilk dəfə səfər edəcəyini deyən 28 yaşlı hücumçu azarkeşlərin hamısının görüşü izləyə bilməmələrinə təəssüfləndiyini dilə gətirib: "Çünki hər bir futbolçu ona azarkeşlik edənlərin olmasını istəyir. Amma heç nəyi dəyişə bilmərik".

İsveçrəli forvardın sözlərinə görə, çempionluğu əldən qaçırmalarına qol vəziyyətlərindən yararlana bilməmələri səbəb olub: "Belə deyək: Çempionluq öz əlimizdə idi. Yaxşı qol vəziyyətləri də yaradırdıq. Bir neçə oyunda şəxsən özüm həlledici qolları vura bilmədim. Bunlardan yararlansaydıq, indi çempion idik. Amma nə etmək olar? İrəli baxmalı və növbəti mövsüm yenidən cəhd etməliyik".

Subotiç "Qəbələ"dəki taleyindən də danışıb: "Hələ heç nə deyə bilmərəm, çünki qalıb-qalmayacağım məlum deyil. Final oyunundan sonra iki həftə dincələcək və ardından bu barədə düşünəcəyəm. "Qəbələ"də özümü çox yaxşı, evimdəki kimi hiss edirəm. Klub əməkdaşlarının hamısı ilə yaxşı münasibətlərim var. Buna görə də qalmaq istərdim. Amma baxarıq".

Qeyd edək ki, Daniel Subotiç 2013-2014 mövsümündə də "Qəbələ"də çıxış edib. Subotiç "qırmızı-qaralar"la bu ilin yanvarında yarım illik müqavilə bağlayıb.  

Son xəbərlər

Orphus sistemi