Yuxarı

"Qəbələ"nin futbolçusu: "Sumqayıt"a uduzsaq da, rəqibdən yaxşı oynadıq"

"Qəbələ"nin futbolçusu: "Sumqayıt"a uduzsaqda, rəqibdən yaxşı oynadıq"

"Çempionata məğlubiyyətlə başladıq. Doğma meydanda uduzsaq da, pis oynadığımızı deməzdim". 

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Asif Məmmədov Premyer Liqanın I turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib. 

33 yaşlı yarımmüdafiəçi çempionatdakı ilk matçların hər zaman çətin olduğunu söyləyib. Məmmədov komandanın yeniləndiyini və cavan oyunçuların çoxluq təşkil etdiyini sözlərinə əlavə edib: "Yəqin bir az həyəcan da oldu. Qarşıdakı görüşlərdə bunları aradan qaldırmağa çalışacağıq. "Qəbələ" yaxşı heyətə malikdir, oyunlara baxanlar bunu bilir. Sonuncu qarşılaşmada 0:2 uduzmağımıza baxmayaraq, rəqibdən zəif təsir bağışlamadıq. Deyərdim ki, hələ yaxşı da oynadıq. Ani diqqətsizlikdən qollar buraxdıq". 

Yarımmüdafiəçi II turda səfərdə qarşılaşacaqları "Qarabağ"la oyun barədə də fikirlərini bölüşüb: "Bu futboldur. Meydana çıxırıqsa, qələbə haqqında düşünürük. Baxmayaraq ki, rəqib "Qarabağ"dır və ya başqa bir kollektivdir. Bizim üçün heç bir fərqi yoxdur. Hər matça qələbə üçün çıxırıq. Hansı komanda məğlubiyyət üçün meydana çıxır? 

"Sumqayıt"la qarşılaşmanın 84-cü dəqiqəsində qırmızı vərəqə alan Məmmədov növbəti görüşdə iştirak etməməsi ilə bağlı da danışıb: "Mənim olmamağımın itki sayılıb-sayılmadığını deyə bilmərəm. Hər bir futbolçunu əvəz edən oyunçu var". 

Qeyd edək ki, II turda keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu avqustun 25-də saat 21:00-da "Azərsun Arena"da başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi