"Qəbələ"nin futbolçusu: "Çöldə qalmamaq üçün danışıqlar aparmaq lazım ola bilər" - MÜSAHİBƏ

"Qəbələ"nin futbolçusu: "Çöldə qalmamaq üçün danışıqlar aparmaq lazım ola bilər" - MÜSAHİBƏ Bakı. 22 may. REPORT.AZ/ Qəbələ klubunun futbolçusu Asif Məmmədovun Reporta müsahibəsi
Futbol
22 May , 2018 17:38
Qəbələnin futbolçusu: Çöldə qalmamaq üçün danışıqlar aparmaq lazım ola bilər - MÜSAHİBƏ

Bakı. 22 may. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Asif Məmmədovun "Report"a müsahibəsi

- 2017-2018 mövsümünü necə dəyərləndirərdiniz?

- Bu mövsüm çempion olmaq istəyirdik. Amma ikinci yer də pis nəticə deyil. Həm də Azərbaycan Kubokunun finalına vəsiqə qazanmışıq. Demək olar ki, mövsüm bizim üçün pis keçmədi, normal alındı. Keçən il də çempionatı ikinci pillədə başa vurmuşduq. Amma bu mövsümdən fərqli olaraq, həmin vaxt Avropa Liqasının qrupunda da oynayırdıq. Çempion ola bilməsək də, düşünürük ki, Avropa Liqasının qrup mərhələsində çıxış etmişik. Builki çıxışımız isə nə yaxşıdır, nə də pis. Keçən il çempionluq üçün sona kimi mübarizə aparmışdıq. "Qarabağ"ı xal fərqinə görə üstələdiyimiz vaxtlar da olub. Ötən mövsüm çempionluğu öz əlimizlə verdik. Həmin an çempion olmağa daha yaxın idik.

- Komanda ilə müqaviləniz başa çatır. "Qəbələ"dən sizə təklif olubmu?

- Başqa komandalardan mənə təkliflər var. Adlarını açıqlamaq istəmirəm. Hələlik gözləyirəm. "Qəbələ"də qalmağı planlaşdırıram. Düşünürəm ki, kubok oyunundan sonra hər şey bilinəcək. Ona görə də heç bir komanda ilə danışıqlar aparmaq istəmirəm.

- "Qəbələ" ilə alınmasa, sizə təklif göndərən klublarla danışıqlara başlayacaqsınız?

- Əlbəttə. Çöldə qalmamaq üçün danışıqlar aparmaq lazım ola bilər. Düşünürəm ki, "Qəbələ"də qalacağam.

- Belə düşünməyinizdə səbəb nədir: Şifahi də olsa, müqaviləni uzatmaq üçün təklif olubmu?

- Komandamızda bir neçə futbolçunun müqaviləsi başa çatır. Dönüb arxaya baxıram və düşünürəm ki, bu qədər oyun oynamışam. Belə halları fikirləşəndə komandada qalmaq ehtimalım var. Amma bu, klub rəhbərliyinin və baş məşqçinin qərarından asılı olacaq. Hər şey ola bilər.

- "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun fəaliyyətini necə dəyərləndirirsiniz: Onun komandada qalması real görünür?

- Onun işi göz qabağındadır. Bu barədə mənfi nəsə danışmaq yersizdir. "Qəbələ"də qalsa, daha yaxşı olar.

- Azərbaycan Kubokunun finalında qarşılaşacağınız "Keşlə"yə Avropa Liqasında oynamaq üçün icazə verilib. Onlar da kuboku qazanıb növbəti mövsüm avrokuboklarda iştirak etmək istəyəcək. Bu məqam "Qəbələ"yə mənfi təsir göstərə bilərmi?

- Kubok oyunu çətin olacaq. Düşünürəm ki, "Keşlə"yə Avropa Liqasında çıxış etməyə icazə verilməsəydi, dəyişən bir şey olmayacaqdı. Onlar yenə həlledici oyunda həvəslə iştirak edəcəkdilər. Bütün Azərbaycanın diqqəti bu oyunda olacaq. Ona görə də hamı istəyir ki, qələbə qazansın. "Keşlə" də son vaxtlar yaxşı oyun sərgiləyir. Bizi çox çətin final matçı gözləyir. Bu oyuna çox ciddi hazırlaşırıq. Bizim bir üstünlüyümüz var: Final matçını doğma meydanda keçirəcəyik. Qələbə qazanmaq istəyirik ki, azarkeşlərimiz üzülməsin. Bu il çempion ola bilməsək də, kuboku fanatlara hədiyyə etmək istəyirik.

- Nəzərə alaq ki, "Qəbələ" titula həsrət komandadır...

- Bəli. Komanda Avropa Liqasının qrupunda oynayıb, çempionatda ikinci yeri tutub, amma titulumuz yoxdur. Ona görə kuboku daha çox istəyirik. Ən əzından final görüşü bizim üçün yaddaqalan bir gün olsun.

Son xəbərlər

Orphus sistemi