Yuxarı

​"Qəbələ"nin Azərbaycan millisində çıxış edən futbolçuları zədələrdən şikayətlənib

2014-cü il Qəbələnin Azərbaycan millisində çıxış edən futbolçularının yaddaşında zədə ili kimi qalıb

Bakı. 30 dekabr. REPORT.AZ/ 2014-cü il "Qəbələ"nin Azərbaycan millisində çıxış edən futbolçularının yaddaşında "zədə ili" kimi qalıb. "Report"un məlumatına görə, klub saytına danışan yerli futbolçular at ilində alınan zədələrin onların karyerasına mənfi təsir etdiyini bildirib.

Qapıçı Kamran Ağayev bildirib ki, zədə səbəbindən karyerasını bitirmək fikrində olub. Təcrübəli əlcək sahibi bu cür xoşagəlməz halların ona çətin vəziyyətlərdən çıxmağı öyrətdiyini, “Qəbələ”dəki sağlam mühitin futbol həyatına davam etməsinə vasitə olduğunu vurğulayıb: "Hələ ki, heç nə itirilməyib. Futbol oynayırıqsa, hədəflərimiz var. 2015-ci ildə özümə və komandama bu hədəflərə çatmağı arzulayıram".

Müdafiəçi Ruslan Əmircanov da zədədən söz açıb. O, başa çatmaqda olan ili həm uğurlu, həm də uğursuz saydığını bildirib. Ötən mövsüm Bakı "İnter"inin heyətində gümüş medal qazandığını xatırladan müdafiəçi belindən aldığı zədənin bu sevincə kölgə saldığını söyləyib: "Zədə epidemiyası məni “Qəbələ”də də izlədi. 3 aydır ki, futbol oynayıram. Karyeramda zədədən ilk dəfədir ki, bu qədər əziyyət çəkdim. İnanıram ki, bütün uğursuzluqları 2014-ci ildə qoyacağam. 2015-ci ilin sabit və zədəsiz olmasını arzulayıram. Hazırda komandamız istədiyimiz mövqedə deyil. 2015-ci ildə çalışıb “Qəbələ”ni layiq olduğu yerlərə gətirməliyik".

Yarımmüdafiəçi Ruslan Abışov da tez-tez zədələrlə üzləşdiyindən istədiyi oyunu nümayiş etdirə bilmədiyini deyib: "2014-cü ili karyera baxımından uğurlu olduğunu deyə bilmərəm. 2015-ci ilin daha uğurlu və düşərli olacağına inanıram. Ümid edirəm ki, 2014-cü ildəki xoşagəlməz hallar 2015-ci ildə təkrarlanmayacaq. Özümə, kollektivə, ailəmə və xalqımıza bol uğur və sağlamlıq diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi