Yuxarı

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ” bizdən güclüdür”

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ” bizdən güclüdür”

Bakı. 11noyabr. REPORT.AZ/“Nə planlaşdırmışdıqsa, heç biri alınmadı. Bunu da rəqibin hər komponentdə bizdən güclü olması ilə əlaqələndirirəm”.

“Report” xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”a 1:3 hesablı məğlubiyyətdən sonra deyib. Onun sözlərinə görə, rəqib ikinci hissəni daha yaxşı keçirib: “Belə olan halda 90 dəqiqə müdafiədə oturduq. Bu da futbolçuların fiziki gücünün tükənməsi ilə nəticələndi. Qısacası, “Qarabağ” bizdən güclüdür”.

- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundur. Bunun fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi istərdik...

- “Qarabağ” təcrübəli komandadır, belə qrafikdə oynamağın öhdəsindən gələ bilir. Birinci hissədə əzmkarlıq var idi. Amma bu, 45 dəqiqə bəs etmir.

- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədir?

- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.

- Cəmi bir əvəzləmə etdiniz. Başqa ehtiyat qüvvəniz yoxdur? Eyni zamanda düşünmürsüz ki, əvəzləməni gec etdiniz? Rauf Əliyevi niyə meydana buraxmadınız?

- Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Amma Rasimi standart vəziyyətlərə görə meydana buraxdım. Rauf inandığımız futbolçudur. Amma bu dəfə fərqli qərar verdim.

- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar, yoxsa heyətin güclənməsinə inamınız yoxdur?

- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdə olan heyətdən maksimum yararlanmağa çalışacağıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi