Yuxarı

​"Qəbələ" klubunun prezidenti: "Bu mərhələyə çatacağımıza özümüz də inanmırdıq"

Tale Heydərov Qəbələnin qələbəsi ilə bağlı fikirlərini Reportla bölüşüb

Bakı. 07 Avqust. REPORT.AZ/ "Qəbələ" klubunun prezidenti Tale Heydərov Kipr "Apollon"unu üstələdikləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib. O, "Report"un da suallarını cavablandırıb.

Oyun barədə nə deyə bilərsiniz?

- Çox gözəl oyun oldu. İlk dəfədir ki, "play-off" mərhələsinə yüksəldik. Bu da bizim üçün sevindirici haldır.

Qrup mərhələsinə cəmi bir mərhələ qaldı

- Özümüz də bu mərhələyə çatacağımıza inanmırdıq. Komandamız hər bir görüşdə həvəslə çıxış edərək, bu mərhələyə çatdı. Növbəti mərhələni keçmək bundan da çətin olacaq. Amma əlbəttə, məqsəd qoyulub ki, "play-off"u da keçək. Oyunçularımız bundan ötrü əllərindən gələni edəcəklər.

"Play-off"adək daha bir oyunçunun alınması gündəmdədir?

- Hazırda bu istiqamətdə danışıqlar gedir. Çox güman ki, yeni transferimiz olacaq. Məşqçilər heyətinin seçiminə əsasən, bir oyunçu alacağıq.

"Play-off"dakı ev oyununuzun daha böyük stadionda keçirilməsi mümkündürmü?

- Əlbəttə, bu, mümkündür. Məncə, bu məsələ müzakirə olunacaq. Bu, növbəti rəqibin kimliyindən asılı məsələdir. Oyunu istənilən stadionda keçirmək problem deyil, buna hazırıq. "Bakcell Arena"dakı ab-hava da çox yaxşı idi. Azarkeşlər də gəlmişdilər, bizi sonadək dəstəklədilər. Yeri gəlmişkən, onların hər birinə minnətdarlığımı bildirirəm.

Oyunu izləməyə atanız, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlmişdi

- O, çox nadir hallarda oyunlara gəlir. Budəfəki gəlişi də bizim üçün önəmli və yaxşı hal idi.

Hər mərhələni keçdikcə pul mükafatına dair müxtəlif rəqəmlər səslənir

- Mükafatın məbləği açıqlanmır. Amma mətbuatda bir rəqəm getmişdi. Bu, həqiqətə uyğun deyil. Həddən artıq böyük məbləğ qeyd olunmuşdu. Komandamız hər dəfə mərhələ keçdikcə onları həvəsləndirmək üçün biz mükafatlar vəd edirik və mükafatlandırırıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi