Bakı. 24 noyabr. REPORT.AZ/ "Qəbələ" komandası futbol üzrə Avropa Liqasının qrup mərhələsində Yunanıstanda PAOK-la keçirəcəyi qarşılaşmaya kapitanı Dodosuz yollanacaq. Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
O bildirib ki, braziliyalı futbolçu zədəlidir və müalicəsini davam etdirmək üçün vətəninə yollanıb. Argentinalı hücumçu Fakundo Pereyra isə Yunanıstan təmsilçisi ilə oyunda meydana çıxmayacaq. 28 yaşlı hücumçunun məxsus olduğu PAOK-la "Qəbələ" arasındakı razılığa əsasən, futbolçu bu oyunda "qırmızı-qaralar"a kömək edə bilməyəcək. Müdafiəçi Rafael Santos da zədəlidir, amma onunla bağlı yekun qərar verilməyib.
"Qırmızı-qaralar"ın heyətində komandaya kömək edə bilməyəcək futbolçularla yanaşı, zədəsini sağaldanlar da var. Qapıçı Dmitri Bezotosnı və Sergey Zenyov artıq tam sağalıb və PAOK-la oyunda meydana çıxa biləcəklər.
Qeyd edək ki, noyabrın 26-da Yunanıstanın Saloniki şəhərindəki "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" oyunu yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 27 noyabr saat 00:05-də) başlayacaq.