Yuxarı

"Qəbələ" Almaniyanın "Maynts" klubuna məğlub olub

Hazırda Azərbaycan klubu bu nəticə ilə qrupda sonuncudur

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün "Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 

"Report"un məlumatına görə, C qrupunun mübarizəsində rəqib Almaniyanın "Maynts" klubu olub.

"Bakcell Arena"da baş tutan görüşə tərəflər aktiv başlayıb. Komandalar bir neçə dəfə təhlükəli hücum qursalar da, nəticə olmayıb. Azarkeşlər oyunun 41-ci dəqiqəsində qol görüb. "Maynts"ın heyətində çıxış edən Yoşinori Muto Bussmannın ötürməsini qola çevirib. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissəyə isə "qırmızı-qaralar" daha aktiv başlayıb. Filip Ozobiçə qarşı rəqib qapıçı Yonas Lössinin kobudluğuna baş hakim Qediminas Mazeyka on bir metrlik cərimə zərbəsi ilə cavab verib. Topa yaxınlaşan Ruslan Qurbanov 57-ci dəqiqədə bərabərlik qolunu vurub. Bundan sonra təzyiqi artıran Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 5 dəqiqə sonra yenidən rəqib qapısına yol tapıb. Sergey Zenyov Baqali Dabonun ötürməsini qola çevirib - 2:1. 68-ci dəqiqədə azarkeşlər daha bir qol görüb. Bu dəfə "Maynts" hesaba tarazlıq gətirib. Oyuna daxil olandan cəmi bir dəqiqə sonra Con Kordoba Bussmannın ötürməsindən lazımınca yararlanaraq Bezotosnını məğlub etməyi bacarıb. Bu da oyunda vurulan son qol olmayıb. 68-ci dəqiqədə Levin Öztunalı "Qəbələ"nin qapısından 3-cü topu keçirib.

Oyun bu hesabla da başa çatıb.

Hazırda bu nəticə ilə aktivində xal olmayan "Qəbələ" sonuncudur. Belçikanın "Anderlext" klubu 3 xalla ikinci, Fransa "Sent-Etyen"i isə 1 xalla üçüncü pillədə qərarlaşıb. Birinci pillədə olan "Maynts"ın aktivində isə 4 xal var.

Qeyd edək ki, "Qəbələ" ilk oyunda səfərdə "Anderlext"ə 1:3 hesabı ilə məğlub olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi