Qazaxıstan millisinin kapitanı Azərbaycan yığması ilə keçirəcəkləri oyunu dəyərləndirib

Qazaxıstan millisinin kapitanı Azərbaycan yığması ilə keçirəcəkləri oyunu dəyərləndirib 38 yaşlı yarımmüdafiəçi martın 26-da Azərbaycan, martın 29-da isə Gürcüstanla iki vacib oyunlarının olduğunu bildirib
Futbol
24 Mart , 2016 00:12
Qazaxıstan millisinin kapitanı Azərbaycan yığması ilə keçirəcəkləri oyunu dəyərləndirib

Bakı. 24 mart. REPORT.AZ/ Futbolçuların əhval-ruhiyyəsi normaldır. Komandada sağlam ab-hava hökm sürür". "Report"un məlumatına görə, bunu Qazaxıstan milli komandasının kapitanı Samat Smakov yerli futbol federasiyanın rəsmi saytına müsahibəsində deyib.

38 yaşlı yarımmüdafiəçi martın 26-da Azərbaycan, martın 29-da isə Gürcüstanla iki vacib oyunlarının olduğunu bildirib. Onun fikrincə, qarşıdakı görüşlərdə heç kim vaxt keçirməyəcək, əksinə, hamı özünü göstərmək istəyilə alışıb-yanır: "Yığmada nəyə qadir olduğunu hər zaman göstərmək lazımdır. Xüsusən, yeni məşqçilər heyətinə. Məşqçilər deyiblər ki, Azərbaycan və Gürcüstanla qarşılaşmalarda heç nəyi qırıb-dağıtmayacaqlar. Çünki yıxmaq asandır, tikməyə isə çox vaxt lazımdır. Bu gün millidə zədəlilər istisna olmaqla, bütün güclü futbolçular cəmləşib. Tanat Nuserbayevdən başqa qalanları sıradadır. Özümə gəldikdə, gənc ikən uğursuzluqlardan sonra ciddi narahatlıq keçirirdim. İndi isə yığmaya yaxşı əhval-ruhiyyədə gəlmişəm. Şadam ki, uzun fasilədən sonra döyüşkən heyətlə bir araya gələ bildik".

Qazaxıstanın ən titullu futbolçusu Azərbaycan futbolçularına qarşı həm klub, həm də yığma səviyyəsində tez-tez oynadığını xatırladıb: "O yadımdadır ki, nadir hallarda heç-heçə edirdik. Amma qələbələr də olurdu. Azərbaycan millisində mənə tanış olan futbolçular var. Bu komanda döyüşkən və ambisiyalıdır. Oyun canlı yayımlanacağından, azarkeşlərimiz bizi canlı yayımda izləyə biləcəklər. Fikrimcə, oyun maraqlı alınacaq".

Qeyd edək ki, Samat Smakov 6 qat Qazaxıstan çempionu, ölkə kubokunun 2 qat sahibidir. Qazaxıstan - Azərbaycan matçı hazırda hər iki milli komandanın hazırlıq keçdiyi Türkiyənin Antalya bölgəsində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi