Qazaxıstan millisinin baş məşqçisi: "Azərbaycanın rəqib kimi seçilməsi təsadüfi deyil"

Qazaxıstan millisinin baş məşqçisi: "Azərbaycanın rəqib kimi seçilməsi təsadüfi deyil" Bakı. 18 aprel. REPORT.AZ/ Yoldaşlıq görüşü istəyimizi müsbət cavablandırdığı üçün AFFA-ya təşəkkür etmək istərdim. Qazaxıstan Futbol Federasiyası ən yaxın oyunumuzu evdə keçirməyimiz üçün maksimum səy göstərdi. Biz öz stadionumuzda oynamaq istəyirik. Çünki UEFA Millətlər Liqasındakı ilk görüşümüz Qazaxıstanda olacaq.
Futbol
18 Aprel , 2018 09:29
Qazaxıstan millisinin baş məşqçisi: Azərbaycanın rəqib kimi seçilməsi təsadüfi deyil

Bakı. 18 aprel. REPORT.AZ/ "Yoldaşlıq görüşü istəyimizi müsbət cavablandırdığı üçün AFFA-ya təşəkkür etmək istərdim. Qazaxıstan Futbol Federasiyası ən yaxın oyunumuzu evdə keçirməyimiz üçün maksimum səy göstərdi. Biz öz stadionumuzda oynamaq istəyirik. Çünki UEFA Millətlər Liqasındakı ilk görüşümüz Qazaxıstanda olacaq".

"Report"un məlumatına görə, bunu Qazaxıstan milli komandasının baş məşqçisi Stanimir Stoilov Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü barədə danışarkən deyib. Bolqarıstanlı mütəxəssis rəqib kimi Azərbaycanı təsadüfən seçmədiklərini bildirib: "Bu komanda Millətlər Liqasındakı rəqibimiz və ilk turda üz-üzə gələcəyimiz Gürcüstanla oxşar oyun sərgiləyir. Rəqibi ağılla seçmək lazımdır. Azərbaycan yığması ilə görüş yaxşı sınaq olacaq. Bu komanda son zamanlar sürətlə inkişaf edir. Onlar kombinasiyalı və texnikalı oyun sərgiləyirlər. Üstəlik, komandanın sükanı arxasında təcrübəli baş məşqçi dayanıb. Bu faktı qeyd etmək lazımdır ki, son illər Azərbaycanda klub futbolu bütün parametrlərdə daha da yaxşılaşıb".

Stoilov Qazaxıstan yığmasının iyunun 1-də yığışacağını, xətlərarası əlaqələri təkmilləşdirməkdə davam edəcəklərini və son yoldaşlıq görüşlərindəki oyunu ortaya qoymağa çalışacaqlarını vurğulayıb: "Startımız yaxşı alınsa da, biz hər bir təlim-məşq toplanışında artırmalıyıq. Komandamız böyük sıçrayışlar edə bilməz. Bu səbəbdən, hədəfə doğru pillə-pillə, kiçik addımlarla gedəcəyik. Məsələn, 10 iyunda daha bir yoldaşlıq görüşü planlaşdırmaq olardı. Lakin mənim xahişimlə bu ideyadan imtina etməyi qərara aldıq. Azərbaycanla oyundan sonra qazaxıstanlı futbolçuları böyük yüklənmə gözləyir. Onlar hər 3 gündənbir çempionat və avrokubok qarşılaşmalarına çıxacaqlar. Yığmanın futbolçularına bir neçə günlük istirahət imkanı yaratmaq niyyətindəyəm. Çünki yayda onları 2,5 aylıq inanılmaz qrafik gözləyir. Oyunçuların məsuliyyətli avrokubok qarşılaşmalarına "təmiz başla" yanaşmalarını istərdim. Qazaxıstan komandalarının Avropa arenalarında uğurla çıxış etmələri vacibdir. Bir neçə klub qrup mərhələsinə yüksələ bilsə, bu, əla nailiyyət olacaq". 

51 yaşlı baş məşqçinin fikrincə, Qazaxıstan çempionatındakı klubların forma yığmağa və daha məzmunlu oyun sərgiləməyə başlayıblar. Stoilov Azərbaycanla oyunadək çoxlu oyunun olacağını və yeni namizədlər üzə çıxarsa, onların dərhal milli forma geyinəcəklərini əlavə edib. 

Qeyd edək ki, iyunun 5-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi