Yuxarı

“Qarabağ” – “Tottenhem” qarşılaşmasında qonaqlar minimal hesabla qalib gəliblər

Londonlular 78-ci dəqiqədə Herri Keynin başı ilə vurduğu topla “Qarabağ”ın qapısına yol tapıblar - 0:1

Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşıb.

Qonaqlar minimal hesabla qalıb gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ”ın heyətində İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov (k), Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Dani Quintana, Əfran İsmayılov, Raydell Pupon və Cavid Tağıyev meydana çıxıblar. “Tottenxem” ilk on birliyində isə Lloris (k), Trippier, Alderveyreld, Son, Vertongen, Eriksen, H. Keyn, E. Dier, Davies, Alli və R.Mason yer alıblar.

Baş hakim Tasos Sidiropulosun idarə etdiyi oyunun birinçi hissəsi maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Müdafiə taktikasına üstünlük verən komandalar meydanda elə də təhlükəli vəziyyətlərlə yadda qalmayıblar. Birinci hissənin sonlarında “Qarabağ” təşəbbüsü ələ keçirib. Dani Quintana hissənin sonlarında ona düşən imkanı qola çevirə bilməyib. Fasilədən sonra oyun qarşılıqlı hücumlarla yadda qalıb. Təmsilçimiz qol vəziyyətləri yaratsa da, hücumlar nəticəsiz qalıb. “Tottenhem”də ara-sıra fəallığı ilə seçilib. Qonaqların iki zərbəsi qapı tiri və dirəkdən dönüb. Sonda londonlular 78-ci dəqiqədə Herri Keynin başı ilə vurduğu topla “Qarabağ”ın qapısına yol tapıblar - 0:1.

Beləliklə, görüş İngiltərə təmsilçisinin 0:1 hesablı qələbəsi ilə başa çatıb. Hazırda “Qarabağ” komandasının beş oyundan sonra cəmi 4 xalı var. Həmyerlilərimiz qrupda sonuncu sırada qərarlaşsa da, növbəti mərhələ üçün tam olaraq hələ şansını itirməyib. “Tottenhem” xalını 10-a çatdıraraq qrupda liderliyini möhkəmləndirib. “Qarabağ”ın yer aldığı “J” qrupunda digər oyun Fransada “Monako” və Belçikanın “Anderlext” komandaları arasında keçirilib. Bu görüşdə qonaqlar 0:2 hesabı ilə qələbə qazanıblar və 7 xalla qrupda ikinci pilləyə yüksəliblər. “Monako” isə 6 xalla bir pillə geriləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi