"Qəbələ" və "İnter" “Qarabağ”dan əvvəl mükafatlandırıla bilər

"Qəbələ" və "İnter" “Qarabağ”dan əvvəl mükafatlandırıla bilər Medalçıların hamısının sonuncu turda təltif edilməsi mümkün olmayacaq
Futbol
17 Aprel , 2017 13:26
Qəbələ və İnter “Qarabağ”dan əvvəl mükafatlandırıla bilər

Bakı. 17 aprel. REPORT.AZ/ Futbol üzrə 2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan“Qarabağ” çempionluq kubokunu öz meydanında almayacaq. “Report”un məlumatına görə, buna səbəb Ağdam təmsilçisinin sonuncu - XXVIII turda “Neftçi” komandası ilə səfərdə qarşılaşmasıdır.

Peşəkar Futbol Liqası (PFL) bir qayda olaraq, Azərbaycan çempionatının mükafatçılarını sonuncu turda, qalib komandanın iştiakı ilə baş tutan oyunun yekununda təltif edir. Lakin cari çempionatda bunu reallaşdırmaq mümkün olmayacaq. Çünki çempion “Qarabağ” axırıncı turda “Neftçi”nin qonağı olacağı halda, gümüş və bürünc medallara namizəd kollektivlər – “Qəbələ” Sumqayıtda şəhərin eyniadlı təmsilçisinin, “İnter” isə Gəncədə “Kəpəz”in qonağı olacaq. Üstəlik, “Neftçi”, “Kəpəz” və “Sumqayıt”ın Avropa Liqasına vəsiqə verən 4-cü pilləni tutmaq uğrunda mübarizə apardıqlarını nəzərə alsaq, bu komandaların iştirakı ilə keçiriləcək qarşılaşmaların fərqli gün və saatlara təyin edilməsi mümkün deyil.

“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl “Report”a açıqlamasında bildirib ki, çempionluq kubokunun “Bakcell Arena”da təqdim edilməsi onlar üçün problem deyil. Klub rəsmisi mükafatlandırma mərasiminin növbəti tur “Sumqayıt”la ev oyununda reallaşması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcəklərini söyləyib: “PFL nə qərar versə, buna uyğun hərəkət edəcəyik. Mükafatlandırmanın "Sumqayıt"la ev oyununda baş tutması üçün təşkilatçı quruma müraciət etmək fikrimiz yoxdur. Düşünürəm ki, kubokun çempionat bitməmiş verilməsi maraqsız olardı”.

PFL-dən isə “Report”a bildiriblər ki, "Qarabağ"ın sonuncu turda "Neftçi" ilə görüşdən sonra mükafatlandırılacağı dəqiqdir. Amma “Qəbələ” və “İnter”in gümüş və bürünc medallara nə zaman və harada qovuşacağına dair yekun qərar verilməyib. Mükafatlandırmanın XXVII turda, iki komandanın iştirakı ilə Qəbələdə keçiriləcək görüşdən sonra təşkili də mümkündür. Bu, o halda gerçəkləşə bilər ki, “Qəbələ” evdə rəqibinə 0:3 və ya 1:3-dən başlayaraq, 2 top fərqi ilə uduzmasın. Belə olan halda, “qırmızı-qaralar”ın gümüş, “İnter” isə bürünc medalçı olması rəsmiləşəcək.

Qeyd edək ki, son 2 turun oyunları aprelin 23-də və 29-da olacaq.  

Son xəbərlər

Orphus sistemi