Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın rəqibi 12 dəfə Lüksemburq çempionu olub

    Düdelanj Avropa Liqasında pley-off mərhələsinədək irəliləməyi də bacarıb

    Bakı. 20 iyun. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Lüksemburq "Düdelanj"ının 25 yaşı var. "Report"un məlumatına görə, klub 1991-ci ildə "Alyans", "Stad" və US komandalarının birləşməsindən yaranıb.

    "Qırmızı-sarılar" oyunlarını ölkənin cənubundakı 2950 tamaşaçı tutumuna malik "Yos Nosbaum" stadionunda keçirir. Klub ötən mövsüm 14 komandanın çıxış etdiyi Lüksemburq çempionatında 62 xalla qızıl medal qazanıb. "Fola Eş" də eyni miqdarda xala malik olsa da, əlavə göstəricilərdə ikinci yerlə kifayətlənib.

    "Düdelanj" 2005-2006 mövsümündə Lüksemburq tarixində ilk dəfə Çempionlar Liqasında II təsnifat, 2012-2013 mövsümündə isə Avropa Liqasının "pley-off" mərhələsinədək irəliləyib. Klub ilk dəfə Bosniya və Herseqovinanın "Jrinski" klubunu üstələyib - 0:1, 4:0. Növbəti mərhələdə komandanın qarşısını "Rapid" (Vyana, Avstriya) kəsib - 1:6, 2:3.

    İkinci tarixi uğura imza atdığı mövsümdə isə "Düdelanj" "Tre Penne" (San-Marino) üzərində 7:0, 4:0, "Zalsburq"la görüşdə 1:0, 3:4 hesablı nəticələrlə III təsnifat mərhələsinə yüksəlib. Bu komandanın qarşısını Çempionlar Liqasında "Maribor" (Sloveniya) 4:1 və 1:0, Avropa Liqasının "pley-off" mərhələsində isə "Hapoel" (Təl-Əviv, İsrail) 3:1, 4:0 hesablı qələbələrlə kəsib.

    "Düdelanj" tarixi ərzində 12 dəfə ölkə çempionu, 6 dəfə ölkə kubokunun sahibi olub. Komandaya 5 gün öncə məşhur almaniyalı mütəxəssis Klaus Topmöllerin oğlu Dino Topmöller baş məşqçi təyin olunub. Lüksemburq çempionlarının heyətində İbrahimoviç soyadlı oyunçu da var. 28 yaşlı hücumçu da Bosniya və Herseqovinadandır. Lakin Sanel İbrahimoviçin məşhur Zlatan İbrahimoviçlə heç bir qohumluğu yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi