Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın hücumçusu Hollandiya klubuna transfer olunub

    Raydell Pupon yeni klubu ilə 1 illik müqavilə imzalayıb

    Bakı. 9 yanvar. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Raydell Pupon Hollandiyanın yüksək liqasında mübarizə aparan "Roda" klubuna keçib.

    "Report"un Kerkrade təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçu ilə sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 1 illik müqavilə bağlanılıb.

    Pupon "Roda"ya Ağdam klubu ilə müqaviləsini pozaraq transfer olub. O, yeni komandasına yanvarın 12-də Kerkradedə qoşulacaq. "Sarı-qaralar"ın texniki direktoru Ton Kanen bu keçidi belə şərh edib:

    "Raydell hiyləgər hücumçudur. Onunla hələ Hollandiya çempionatından tanışam. O, istənilən vəziyyətdən qol vura bildiyini sübuta yetirib. Biz hücumçu mövqeyindəki boşluğu tez doldura bildiyimizdən məmnunuq".

    "Roda" Erediviziyada 18 komanda arasında 15-ci yerdə qərarlaşıb. İlk dövrədən sonra komandanın hesabında 16 xal var.

    Raydell Pupon "Ayaks"ın futbol akademiyasında yetişib və ilk dəfə Amsterdam komandasının formasını geyinib. Pupon sonradan Hollandiyanın "Villem II", "Sparta", "De Qrafsxap", "Den Haq" və Fransanın "Valansyen" klublarında çıxış edib. O, "Qarabağ"la iyulun ortalarında 2 illik müqavilə bağlamışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi