​“Qarabağ”ın futbolçusu: “Ümid edirəm ki, UEFA öz qərarını dəyişdirəcək”

​“Qarabağ”ın futbolçusu: “Ümid edirəm ki, UEFA öz qərarını dəyişdirəcək” “Qərar sürpriz oldu”
Futbol
7 Noyabr , 2014 09:31

Bakı. 7 noyabr. REPORT.AZ/ “UEFA-nın qərarı sürpriz oldu. Çünki hamı gördü ki, Serbiya-Albaniya matçında tribunadakılar meydana axışaraq, futbolçuları döyməyə başladılar”. Bunu “Report”a açıqlamasında Azərbaycanın “Qarabağ” klubunda çıxış edən Albaniya milli komandasının futbolçusu Ansi Aqolli deyib.

32 yaşlı yarımmüdafiəçi bildirib ki, Serbiya yığması ilə oktyabrın 14-də Belqraddakı “Partizan” stadionunda keçirilmiş AVRO-2016-nın seçmə matçında baş verənlərdə Albaniya millisinin heç bir günahı yoxdur. Bu səbəbdən, Aqolli komandasının hesabından 3 xalın silinməsini doğru hesab etməyib: “Bu hadisə baş verənədək qolsuz heç-heçə idi. Hətta 1 xal da bizim üçün böyük əhəmiyyət daşıyırdı. Amma UEFA 3 xalımızın silinməsinə qərar verdi. Apelyasiyamıza müsbət cavab verilməsə, bu, komandamıza qrup mərhələsində böyük problem yaradacaq. İndi biz UEFA İntizam Komitəsinin qərarından apelyasiyanın nəticəsini gözləməliyik. Ümid edirəm ki, UEFA öz qərarını dəyişdirəcək”.

Qeyd edək ki, Serbiya - Albaniya matçının 41-ci dəqiqəsində “Partizan” stadionuna pilotsuz helikopterlə “Böyük Albaniya” bayrağı endirilib. Bayrağa serbiyalı futbolçular kəskin reaksiya veriblər. Onlar bayrağı tutub yerə atmaq istərkən, albaniyalı futbolçular buna etiraz ediblər. Nəticədə iki komanda futbolçuları arasında toqquşma baş verib. Olaya tribunadakı serbiyalı azarkeşlər də qarışıblar. İnsidentlə əlaqədar ingiltərəli referi Martin Atkinson oyunu dayandırıb. UEFA İntizam Komitəsi Albaniyaya texniki məğlubiyyət və 100 min avro cərimə kəsib. Serbiya yığmasının hesabından da 3 xal silinib və növbəti 2 ev oyununun azarkeşsiz keçirilməsinə dair qərar verilib.

Son xəbərlər

Orphus sistemi