Yuxarı

​"Qarabağ"ın Avroliqadakı rəqibi sıx qrafikdən narahatdır

Sent Etyenin baş məşqçi: Ağır oyunlarımız olacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ "Bizi çox gərgin oyun qrafiki gözləyir. Noyabrda həm ölkə daxilində, həm də avrokubokda ağır oyunlarımız olacaq". "Report"un məlumatına görə, bu sözləri Fransa mətbuatına açıqlamasında Azərbaycanın "Qarabağ" klubunun Avropa Liqasındakı rəqibi olan Fransanın "Sent-Etyen" komandasının baş məşqçisi Kristof Qaltye deyib.

48 yaşlı mütəxəssis komandasının belə sıx və gərgin qrafik dönəmindəki son oyununu "Qarabağ"a qarşı keçirəcəyini xüsusi vurğulayıb. Bununla belə, Qaltye komandasının bu oyunlara hazır olduğunu söyləyib: "Biz bu ay bəzən bir həftədə 3 oyun keçirəcəyik. Ardıcıl olaraq, "Lill", "İnter", "Monako", "Nant", "Lion" və "Qarabağ" kimi güclü rəqiblərlə ağır oyunlarımız olacaq. Çalışmalıyıq ki, bu dönəmdə bacardığımız qədər çox xal toplayaq. Bunun çətin olacağını dərk edirik. Lakin futbolçularımız bu qrafikdə oynamağa hazırdırlar. Fikrimcə, oyunlara fərdi yanaşmaq lazımdır. İndi bütün diqqətimiz bu axşam "Lill" ilə keçirəcəyimiz oyuna yönəlib".

Qeyd edək ki, Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ" noyabrın 27-də "Sent-Etyen"lə səfərdə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi