Yuxarı

Qara Qarayev: "Robert Prosineçkini Foqtsla müqayisə etmək istəməzdim" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının və Qarabağın futbolçusu təlim-məşq toplanışını dəyərləndirib

Antalya. 23 Fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Qara Qarayev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını dəyərləndirib. "Report"un Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Qarayev növbəti məşqdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Artıq Robert Prosineçkinin rəhbərliyi altında iki məşqə çıxmısınız. Yeni baş məşqçi ilə hazırlığınız necə gedir?

- Prosineçki ilə işləmək bizim üçün çox xoş oldu. Millimizə yenilik gətirməyə çalışır. Bu yeniliklər bizim də ürəyimizcədir. Gördüyünüz kimi, məşqlər çox yaxşı keçir. Komandada əhval-ruhiyə əladır. Bu toplanış futbolçuların bir-birini və baş məşqçini tanıma xarakterini daşıyır. Çalışırıq ki, bu hazırlıqdan maksimum xeyir götürək ki, Malta ilə oyunda yaxşı nəticə qazanaq.

- Prosineçki millimizə hansı yeniliyi gətirməyə çalışır: Ümumiyyətlə, nələrin üzərində çox işləyirsiniz?

- Ən çox standart vəziyyətlərdən buraxdığımız qollar haqda bizimlə danışır. Doğrudan da bu gün zəif cəhətlərimizdən biri budur. Əsasən, top saxlamağı və hücum futbolu oynamağı bizdən tələb edir. Həqiqətən bu məqamlara diqqət yetirilməli idi. Bütün bunlar bizi sevindirir.

- Prosinçeki Berti Foqtsdan hansı xüsusiyyətləri fərqlənir?

- Onu Foqtsla müqayisə etmək istəməzdim. Sadəcə, hazırkı baş məşqçimizin üstünlüyündən danışmaq istəyirəm. Prosineçki futbolçularla fərdi söhbətlərə çox yer verir. Hər kəslə ayrıca maraqlanır. Kimin nə problemi varsa, onu həll etməyə çalışır.

- Deyəsən, Prosineçki futbolçulara daha çox hücumda oynamağı öyrədir...

- Bəli, məşq zamanı bunu bizdən tələb edirdi. Onun futbol fəlsəfəsini öyrənməyə çalışırıq. Düzdür, buna müəyyən qədər vaxt lazımdır. Ancaq görünən budur ki, tez biz zamanda onun bizdən nə istədiyini tam başa düşəcəyik. Təbii ki, hücumla yanaşı topa nəzarət etməyi, orta xətdə daha inamlı oynamağı bizdən istəyir.

- Prosineçki futbolçulardan nə dərəcədə razıdır? Məşq zamanı onun tez-tez "bravo” deməsinin şahidi oluruq...

- Baş məşqçinin bizə stimul verməyi təbiidir. Qeyd etdiyim kimi, Prosineçki futbolçularla daha yaxından maraqlanır. Komandanı ruhlandırmağa çalışır. Bu gün bizim millimizdə özünəinam hissini də qaytarmaq lazımdır. Bu yöndə də yeni məşqçimiz lazimi işlər görür. Elə məşq zamanı bizə dəstək olmağı da buna görədir.

- "Şaxtyor”la keçirəcəyiniz yoldaşlıq oyunu haqda da fikirlərini öyənək…

- "Şaxtyor”un necə komanda olması hamıya məlumdur. Yəni, bu rəqib haqda danışmağa ehtiyac yoxdur. Ukraynanın ən güclü klublarındandır. Onların bir neçə gün əvvəl Çempionlar Liqasında "Bavariya” ilə oyununu izlədik. Çox güclü komanda ilə qüvvəmizi sınayacağıq. Belə səviyyəli rəqiblə qarşılaşmaq çox əhəmiyyətlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi