Yuxarı

Prosineçki Azərbaycan və Xorvatiya yığmalarının DÇ-2018-in seçmə mərhələsində düşdüyü qrupu dəyərləndirib

Almaniya ilə görüşü səbirsizliklə gözləyirəm

Bakı. 27 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə qrup mərhələsinin püşkünü dəyərləndirib. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis "Vecernji List"ə açıqlamasında çətin qrupa düşdüklərini bildirib.

O, son dünya çempionu Almaniya yığmasına qarşı oyunları səbirsizliklə gözlədiklərini söyləyib: "Xəstələndiyim üçün yataqdayam. Bu səbəbdən, püşkatmaya yollana bilmədim. Amma bu, önəmli deyil. Çətin qrupa düşmüşük. Əsl həqiqətdə isə son dünya çempionu Almaniya ilə görüşü səbirsizliklə gözləyirəm. Bu, bizim üçün sevindirici olacaq. Norveç bizə məlum komandadır. Çexiya həmişə güclü olub".

Baş məşqçi AFFA-nın rəsmi saytına açıqlamasında isə hazırda bütün diqqəti Xorvatiya və Malta yığmaları ilə qarşıdakı AVRO-2016-nın seçmə qrup oyunlarına yönəltdiklərini bildirib: "Qrupumuzun favoritləri Almaniya və Çexiyadır. Qrupda yaxşı çıxış etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

R.Prosineçki Xorvatiya millisinin yer aldığı qrup barədə də danışıb: "Məncə, Xorvatiya qrupdakı komandalar arasında favoritdir. Əlbəttə, bu, asan olmayacaq. Amma bu komandanın yaxşı çıxış edəcəyini düşünürəm".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə birgə C qrupuna, Xorvatiya yığması isə Finlandiya, Türkiyə, Ukrayna və İslandiya ilə birgə I qrupuna düşüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi