Yuxarı

Azərbaycan Premyer Liqasının Əsasnaməsində dəyişiklik oluna bilər

Bu barədə Klublar Komitəsinin sədri Fikrət Hüseynov məlumat verib

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Bir aydan çox idi görüşmürdük. Bu gün bütün klublar yüksək səviyyədə təmsil olunurdu". "Report"un məlumatına görə, bunu AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün keçirilmiş iclasdan sonra jurnalistlərə açıqlamasında deyib.

F.Hüseynov iclasda 6 məsələni müzakirə edildiyini bildirib: "AFFA Lisenziyalaşma Qrupunun rəhbəri Elçin Məmmədov bütün klubların nöqsanlarını, problemlərini, aşağı yaş qrupları üzrə komandalardakı məşqçilərin kateqoriyalarının olmaması barədə bizi məlumatlandırdı. Biz də bunları qeyd etdik. Lisenziyalaşma Qrupu AFFA rəhbərliyi qarşısında təkliflər irəli sürəcək. Gələn iclasda bu məsələyə dair biz də müəyyən addımlar atacağıq. "Qəbələ" təklif etmişdi ki, U-19 çempionatı 3 dövrəli olsun. Belə qərara gəldik ki, bu cür sistem bir az çətin olacaq. Əvəzində çempionu ilk 4-lük arasında 3 dövrəlik sistemlə müəyyənləşdirsinlər. "Qarabağ"la "Qəbələ" təklif etmişdi ki, legioner limitini 7+3+1 edək. Yəni 4 yerli oyunçudan biri 21 yaşadək olsun, qalanları legioner. "İnter"ə 2 transfer pəncərəsində oyunçu almaq qadağası qoyulub. Üstəlik, komandanı yerli oyunçular üzərində qurublar. Buna görə də bu kluba limitin qalması sərf edirdi. Qərara aldıq ki, gələn iclasımızda hər bir klub limitlə bağlı təkliflərini versin, biz də AFFA İcraiyyə Komitəsinə təqdim edək, orada baxılsın".

Komitə sədri mövsüm sonunda Premyer Liqanı tərk edəcək və I Diviziondan gələcək komandalarla bağlı da müzakirələrin aparıldığını söyləyib: "Əsasnamədə Premyer Liqanı 1 komandanın tərk edəcəyi və I Diviziondan 3 komandanın gələcəyi yazılıb. Reallıqla götürsək, Premyer Liqadakı 8 klub infrastrukturu olanlardır, klublarımızın sayı azdır. Belə qərara gəldik ki, I Diviziondan ilk 2 yerin sahibi Premyer Liqaya yüksəlsin. 3-cü yeri tutan isə Premyer Liqa sonuncusu ilə ev və səfər prinsipi ilə "pley-off" oynasın. Bu təklifi də yazılı şəkildə İcraiyyə Komitəsinin müzakirəsinə göndərəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi