Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun son oyunu keçirilib.
"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sabah"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 43-cü dəqiqədə "Qəbələ"nin hücumçusu Davit Volkov açıb. Lakin fasilədən sonra "Sabah" iki qol vurub. 54-cü dəqiqədə Cavid İmamverdiyev, 73-cü dəqiqədə isə Hendrik Ekşteyn fərqlənib.
Bu, X turda heç-heçə ilə yekunlaşmayan yeganə oyun olub. "Sabah" səfər qələbəsi sayəsində xallarını 10-a çatdırsa da, yenə 7-ci pillədə qalıb. "Qəbələ" isə 6 xalla sonuncudur.
Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" - "Qarabağ"la, "Səbail" "Keşlə" ilə 0:0, "Zirə" "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.